Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kredit kartlarının ağlamalı taleyi

© Sputnik / Murad OrujovБанковские карты
Банковские карты - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər ödəniş kartlarının sayının niyə azaldığına aydınlıq gətiriblər.

BAKI, 13 iyun-Sputnik. Azərbaycanda kredit kartlarının sayı azalır. Mərkəzi Bankın hesabatına görə, 2016-cı ilin aprel ayı üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 31 min ədəd azalaraq 5 milyon 403 min ədəd təşkil edib. 2015-ci ilin sonu ilə müqayisədə bu göstərici 256 min ədəd azalıb. Ödəniş kartlarının 4 milyon 655 min ədədini debet kartları, 748 min ədədini isə kredit kartları təşkil edib. Debet kartları üzrə yalnız əmək haqqı kartlarının sayı 40 min ədəd azalaraq, 1 milyon 481 min ədədə bərabər olub. Kredit kartlarının sayı bir ay ərzində 32 min ədəd azalaraq, 2016-cı ilin 1 mayı üzrə 748 min ədəd təşkil edib. Ümumilikdə, bu ilin əvvəlindən indiyədək kredit kartlarının sayı 61 min ədəd azalıb.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, əmək haqqı kartlarının sayının azalması əsasən ixtisarların getməsi, iş yerlərinin bağlanması ilə əlaqədardır. İşçilər işsiz qalır, əmək haqqı kartları da bağlanır.

Kredit götürmək istəyən şəxs evini girov qoymalı olacaq - Sputnik Azərbaycan
Bundan sonra 1000 manat kredit götürmək istəyən şəxs 50 minlik evini girov qoymalı olacaq
Ekspert bildirib ki, əmək haqqı kartlarının sayının azalmasının başqa bir səbəbi də ola bilər: "Bəzi işəgötürənlər artıq banklarla işləmək istəmir. Tutaq ki, bir sahibkar işçisinə kart vasitəsilə maaşı verir. Görür ki, banklar gecikdirirlər, kartdan istifadə etmək də indi çətinləşib, ona görə də sahibkar deyir ki, maaşı bank vasitəsilə deyil, əlbəəl, nağd şəklində verim. Yəni, banklara etimad azaldığı üçün".

Kredit kartlarının sayının azalmasını Ə. Həsənov ümumilikdə kreditləşmənin azalması ilə izah edib: "Banklar bu gün əhaliyə xarici valyutada krediti faktiki verə bilmir. Çünki, Maliyyə Bazarlarına Nəzarət Palatası məhdudlaşdırıb. Hazırda banklar milli valyutada kredit vermirlər. Ona görə vermirlər ki, növbəti devalvasiya gözləntiləri var, milli valyutaya etimad yoxdur. Buna görə də ümumən kreditlərin verilməsinin həcmi enib və endiyi üçün də kartların sayı da azalıb."

"Bu proses nağdsız ödənişlərin həcminin, həmçinin bankların gəlirlərinin azalmasına aparır. Nağdsız ödənişlər azalacaq. Əhalinin kredit kartlarından istifadə etmək üstünlüyü bankların əlindən çıxır"-deyə ekspert əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə sözügedən azalmanın səbəblərini izah edərkən deyib: "Əmək haqqı kartlarının sayının azalması iş yerlərinin bağlanması ilə əlaqədardır. Digər kart kateqoriyalarında isə vəziyyət bir az fərqlidir. Əsasən banklarda bir xidmət var idi ki, kredit kartlarını verirdilər və 45 gün müddətində xərclədiyin vəsaiti geri qaytararkən heç bir faiz tutulmurdu. Son zamanlar bu 45 gün müddəti aşanların sayı xeyli dərəcədə artdı. Müxtəlif müştərilər vaxtı-vaxtında ödəmə qabiliyyətini itirdilər."

Ekspert deyib ki, bunu nəzərə alaraq, indi həmin kartların geri qaytarılması prosesi gedir: "Müştərilərdən kartları geri alırlar və kartın funksiyası ləğv olunur. Bununla əlaqədar kredit kartlarında azalmalar müşahidə olunur. Bu, kreditlərin qaytarılmasının gecikdirilməsi ilə bağlıdır".

Xəbər lenti
0