CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bundan sonra 1000 manat kredit götürmək istəyən şəxs 50 minlik evini girov qoymalı olacaq

© Photo : GETTY IMAGESKredit götürmək istəyən şəxs evini girov qoymalı olacaq
Kredit götürmək istəyən şəxs evini girov qoymalı olacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: "Palatanın 1000 manatlıq kredit kartı üçün 40-50 min manatlıq evi girov qoymaq təşəbbüsü gülməli olmaqla yanaşı, həm də təhlükəlidir"

BAKI, 18 may — Sputnik. "Ölkədə nağdsız ödənişlər kəskin azalıb və proses bundan sonra da azalmaqda davam edəcək. Devalvasiyanın zərbəsinin fasadları aradan qalxmamış Maliyyə Bazarlarına Nəzarət Palatası nağdsız ödənişlərə növbəti zərbəni vurdu".

Sputnik-in məlumatına görə, bunu iqtisadçı-ekspert Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız ödənişlərlə bağlı verdiyi qərarı şərh edərkən deyib. Onun sözlərinə görə, Palata əvvəlcə xarici valyutada istehlak kreditinin verilməsini bir aylıq dayandırıb, sonra isə kredit şərtlərini ağırlaşdırmaqla vətəndaşların kreditə, o cümlədən kredit kartlarına əlçatanlığını pisləşdirib.

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Samir Əliyev, iqtisadçı-ekspert

"Proses belə davam edərsə, kredit kart istifadəçilərinin sayı kəskin azalacaq. Bu isə nağdsız ödənişlərin inkişafını tormozlayır. İlk devalvasiyadan bəri kredit kartlarının sayı 2 dəfəyədək azalaraq 1322 mindən 780 minə düşüb. Kredit kartlarının ümumi plastik kartlarda payı isə bu müddətdə 22%-dən 14%-ə düşüb. Əhalinin hər 12 nəfərinin cəmisi 1-nin cibində kredit kartı var. Bu gedişlə ancaq hər 20-ci şəxs kredit kartına malik ola biləcək. Halbuki devalvasiyadan əvvəl hər 7-ci şəxs kredit kartına malik idi", — S. Əliyev bildirib.

Ekspertin fikrincə, kredit kartlarının azalması həm onlarla aparılan əməliyyatların həcminə, həm də onların sayına mənfi təsir göstərib: "Kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin I rübündə 644 milyon AZN olduğu halda 2016-cı ilin müvafiq dövründə 446 milyon AZN-ə düşüb. Belə kartlarla aparılan əməliyyatların sayı ötən ilin yanvar-mart aylarında 4761 olduğu halda bu ilin ilk üç ayında 2737-yə düşüb".

S.Əliyevin sözlərinə görə, devalvasiya ödəniş kartları vasitəsilə verilən istehlak kreditlərinin həcminə də mənfi təsir göstərib: "2015-ci ilin yanvar ayından, devalvasiyadan əvvəlki ay belə kreditlərin həcmi 685,2 milyon AZN olsa da, aprelin 1-i tarixinə 611 milyon AZN-ə düşüb. Son statistik məlumata görə, kredit kartları üzrə kreditlərin 362,7 milyon AZN-i milli, 248,3 milyon AZN-i isə xarici valyutaların payına düşür. Palatanın qəbul etdiyi qaydalardan sonra ən azı xarici valyutada olan kredit kartlarının sayı kəskin azalacaq".

"Çünki aylıq gəlirləri milli valyutada olan şəxslər xarici valyutada kredit götürə bilməyəcəklər. Bundan başqa milli valyuta kreditləri şərtlərinin ağırlaşdırılması ödəniş kart sahiblərinin sayını əhəmiyyətli dərəcədə azaldacaq", — iqtisadçı vurğulayıb.

Ekspertin fikrincə, Palatanın misal üçün, 1000 manatlıq kredit kartı üçün 40-50 min manatlıq evi girov qoymaq təşəbbüsü gülməli olmaqla yanaşı, həm də təhlükəlidir: "DTİ (borcun gəlirə nisbəti) əmsalının aşağı salınması, aylıq gəlir olaraq ancaq xalis gəlirin götürülməsi, yaşayış minimumun nəzərə alınması, zaminlərin kredit ötürənlərə bərabər tutulması və s. kimi məhdudlaşdırıcı qaydalar tezliklə bankomatların və POS terminalların xidmətinə ehtiyacı kəskin azalda bilər. Mərkəzi Bankın 2016-cı ilin II rübü üzrə statistik hesabatında bu azalma özünü daha qabarıq şəkildə göstərəcək. Ona görə də Palata qaydalara yenidən baxmalı, nağd kreditləşmədən fərqli olaraq ödəniş kartlar vasitəsilə kreditləşmə şərtlərini yumşaltmalıdır".

Xəbər lenti
0