BAKI, 11 iyun — Sputnik. Bu gün Avropa çempionatında qrup mərhələsinin daha 3 oyunu keçiriləcək.
Sputnik-in məlumatına görə, ilk olaraq A qrupunda Albaniya – İsveçrə matçı baş tutacaq.
Heyətində “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də çıxış etdiyi Albaniya millisi qrupun ən zəif yığması hesab olunur. Lakin isveçrəlilərin onlardan xeyli üstün olduğunu iddia etmək düzgün olmaz. Oyun Bakı vaxtı ilə 17.00-da başlayacaq.
Bu gün B qrupunda mübarizə aparan komandalar da mübarizəyə başlayacaqlar. İlk olaraq Uels və Slovakiya yaşıl meydanşaya çıxacaqlar. Hər iki yığma ilk dəfədir ki, Avropa çempionatında çıxış edir. Bordo şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.
Günün son görüşündə isə B qrupunun favoriti İngiltərə ilə Rusiya qarşı-qarşıya gələcəklər. Təbii ki, İngiltərə oyunun favoriti sayılır. Rusiya güclü rəqibi ilə başa-baş mübarizə aparmaq üçün var gücü ilə səy göstərməli olacaq. Bakı vaxtı ilə 23.00-da başlayacaq oyun Lans şəhərində keçiriləcək.