BAKI, 10 iyun — Sputnik. ""Eşq və ölüm" baleti ilk olaraq rəqs edən ölümü pianonun akkordları ilə təqdim edir. Bu cür əsərləri Bakı Musiqi Akademiyasında tələbələr böyük sevgi ilə öyrənirlər. Şərq dünyasında ilk baleti də məhz Əfrasiyab Bədəlbəyli, Polad Bülbüloğlunun da dediyi kimi, bu videokörpüdə iştirak edən Fərhad Bədəlbəylinin əmisi yazmışdı".
Sputnik xəbər verir ki, bu sözləri Tariyel Məmmədov Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin premyerasına həsr olunmuş Minsk-Bakı videokörpüsündə deyib. Videokörpüdə 11 iyun 2016-cı il tarixində Minskdə keçiriləcək MDB ölkələrinin humanitar mükafatı olan "Birlik ulduzları"nın təqdim ediləcəyi tamaşanın premyerasından söhbət açılıb.
Minskdəki iştirakçılar:
— "Eşq və ölüm" baletinin müəllifi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu;
— MDB ölkələrinin "Birlik ulduzları" humanitar mükafatının laureatı, azərbaycanlı pianoçu Fərhad Bədəlbəyli.
Bakıdakı iştirakçılar:
— məşhur musiqişünas və diplomat Nigar Axundova;
— Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova;
— Azərbaycan Dövlət Musiqi Akademiyasının musiqi və incəsənət nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov.