BAKI, 8 iyun — Sputnik. 2016-cı ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,4 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb.
Ay ərzində düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, alçanın, çiyələyin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
May ayında aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, qaz plitəsi, elektrik sobası və kondisionerlərin qiymətlərində bahalaşma, televizor və kompyuterlərin, soyuducu və paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən soyuq su təchizatı və kanalizasiya xidmətlərinin qiymətləri bahalaşıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.