BAKI, 7 iyun — Sputnik. "Bu il 22-24 iyun tarixlərində Heydər Əliyev adına Sarayında "Həmişə gənc" şüarı altında "Youth vision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Müsabiqənin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur".
Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat katibi Səmaya Məmmədova keçirdiyi brifinqdə deyib. "Yarışmanı İttifaqla birgə Gənclər və İdman Nazirliyi keçirir. Müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb. Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim edirlər", — nazirlik sözçüsü bildirib.
Onun sözlərinə görə, müsabiqədə 72 nəfər nümayəndənin gəlişi gözlənilir: "Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edəcək".
"Müsabiqədə hər ölkəni öz münsifi təmsil edəcək. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla, digər ölkələrin təmsilçilərini hər birinə müvafiq olaraq 1,2,3,4,5,6,7,8,10 və 12 bal verə biləcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir", — S. Məmmədova vurğulayıb.
Mətbuat katibi bildirib ki, müsabiqənin keçirilməsinə 150 min manat xərclənməsi nəzərdə tutulub: "Bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulur".