BAKI, 5 iyun-Sputnik. Türkiyə Avropa İttifaqı ilə imzaladığı və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb.
Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, Ankara bunu Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə verməməsi ilə əlaqələndirib.
Artıq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Avropa İttifaqı naziri Ömər Çelik rəsmi Ankaranın bu qərarını Avropa İttifaqına bildirib.
Türkiyə Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbə "Akşam" qəzetinə bildirib ki, miqrantların geri qəbulunu nəzərdə tutan sazişin dondurulması Avropa İttifaqı tərəfindən anlayışla qarşılanıb. "Normal şərtlərdə miqrantların geri qəbulu ilə bağlı razılaşma iyunun 1-də qüvvəyə minməli, iyul ayından isə Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfəri başlamalı idi. Türkiyə bu iki razılaşmanın birliklə qüvvəyə minməsinin daha uyğun olacağına qərar verib." — deyə- mənbə bildirib.