BAKI, 11 may — Sputnik. Avropa Parlamentinin sədri Martin Şults və assambleyadakı siyasi fraksiyaların rəhbərləri Türkiyə vətəndaşlarının Avropa İttifaqına (Şengen zonasına) vizasız gediş-gəlişi ilə bağlı müzakirələri dayandırıblar. Bu barədə Avropa Parlamentinin Niderlanddan olan deputatı Yudit Sippel məlumat verib.
"Şuts deyib ki, biz bu sənəd üzərində işə Türkiyə 72 şərtin hamısını yerinə yetirəndən sonra başlayacağıq", — deyə parlamentari Brüsselin "Euobserver" internet-qəzetinə bildirib.
Martin Şultsun mətbuat katibi Armin Maşmer də təsdiq edib ki, Avropa Birliyi Türkiyə üçün vizasız rejimlə bağlı işlərə "Ankara bütün tələbləri tam yerinə yetirənə qədər" başlamayacaq.
Vizadan imtina məsələsi mart ayında Ankara ilə Brüssel arasında bağlanan qaçqınlarla bağlı sazişdə əksini tapıb. Türkiyə bunun üçün Avropa Birliyinin 72 tələbini yerinə yetirməlidir.
Ötən həftə Avropa Komissiyası Avropa Parlamentinə və Avropa İttifaqı Şurasına Ankaranın iyunun sonlarına qədər siyahıdakı ilk beş şərti yerinə yetirməyənədək Türkiyə vətəndaşları üçün məhdudiyyətin tətbiq edilməsini təklif edib. Bu siyahıda korrupsiyanın qarşısının alınması, Avropolla (Avropa İttifaqının polis xidməti —red.) operativ razılaşma ilə bağlı danışıqların aparılması, bütün üzv ölkələrlə məhkəmə sahəsində əməkdaşlıq, hüquqların Aİ standartları çərçivəsində müdafiəsi və terrorizmlə mübarizəyə dair qanunvericiliyə yenidən baxılması məsələləri yer alıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının mövqeyini sərt tənqid edib. Onun sözlərinə görə, Ankara özünün antiterror qanunvericiliyini dəyişməyəcək. Bununla bağlı türk lider deyib ki, onun ölkəsi öz yolu ilə gedəcək.