BAKI, 4 iyun — Sputnik. “Bu dəfə yaratdığımız imkanlardan birini dəyərləndirə bildik.”
Sputnik AFFA-ya istinadən xəbər verir ki, bu sözləri Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ötən gün keçirilmiş Azərbaycan — Kanada yoldaşlıq oyununu (1:1) şərh edən millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Baş məşqçi bildirib ki, yaratdıqları imkanlardan istifadə edə bilməyiblər: "Oyunun birinci hissəsində 4 qol epizodu yaratdıq, amma realizə edə bilmədik. Fasilədən sonra da hücumlarımızı davam etdirdik. Bu dəfə yaratdığımız imkanlardan birini dəyərləndirə bildik. Futbolçularım ilk dəqiqələrdən öz oyununu nümayiş etdirə bilsə, istənilən rəqibə qarşı mübarizə apara bilərik".
Robert Prosineçki Azərbaycan yığmasının hər bir rəqibə qarşı oynaya biləcəyini dilə gətirib: "Bunları nəzərə alıb məşq prosesini elə qurduq ki, oyunlara gücləri qalsın. Şəraitimizə gəldikdə, komandanın hazırlıq keçməsi üçün hər cür imkan yaradılmışdı. Ötən il Norveçlə oyundan əvvəl də burada toplanışımız olmuşdu. Yenə deyirəm, Kanada ilə oyun ümid verdi ki, Azərbaycan yığması hər bir rəqibə qarşı oynaya bilər".
Millinin baş məşqçisi zədəli idmançılar haqqında bu sözləri bildirib: "Çünki Namik Ələsgərov zədədən döndükdən sonra ilk beynəlxalq oyununu keçirib. Amma Rahid Əmirquliyev kimi aparıcı futbolçumuz bu gün millinin düşərgəsində deyil. Bir məsələni də qeyd edim ki, San Marino ilə oyundan əvvəl toplanış keçirməyəcəyik. Ümid edirəm ki, millinin futbolçuları həmin oyuna hazır olacaqlar və zədəsiz komandaya qoşulacaqlar".