BAKI, 3 iyun — Sputnik. Metropolitendə vaqonların əsaslı təmiri ilə yanaşı, modernləşdirilməsi də aparılacaq. Bu barədə Sputnik-ə Bakı Metropolitenin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi əsaslı təmir və modernləşdirmə məqsədilə metro qatarlarının ölkə xaricinə göndərilməsi təcrübəsinə son qoyaraq, onun yerli şəraitdə təşkilinə nail olmaq üçün tədbirləri davam etdirir: "Bu prosesin növbəti mərhələsinin məhsulu olan daha bir qatar artıq xəttə verilib. Yanvar ayında xəttə çıxmış belə qatarlardan birinin oturacaqlarının üzərinə Bakı metropoliteninin loqotipi yerləşdirilmişdi. Lakin təmir olunaraq xəttə verilmiş qatarlarda bu yeganə dəyişiklik deyil".
"Metropolitendə qatarların əsaslı təmirinə nail olmaq üçün mərhələli addımlar davam etdirilir. Vaqonların sərnişin salonunun tam yenilənməsi, eləcə də görünüşündə dizayn yeniliklərinin tətbiqi genişləndirilir. Növbəti mərhələ maşinist kabinasının ön hissəsi dəyişdirilərək, texnoloji yeniliklərin tətbiqinə başlanılmasıdır. Bu isə, Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilərək modernləşdirilən qatarların ən əsas elementinin yerli şəraitdə tətbiqini reallığa çevirir", — deyə mətbuat xidməti bildirir.
Qeyd olunur ki, yeniliklərin tətbiqi zamanı diqqət fərqli, daha etibarlı texnoloji və dizayn həllinə yönəldilib: "Kabinanın ön hissəsi kompozit materialdan hazırlanır. Bu material dəmir qədər möhkəm, lakin daha yüngüldür, həm də korroziyadan daha etibarlı mühafizə olunur. Onun digər üstünlüyü təhlükəsizlik tələblərinin daha da gücləndirilməsidir. Bundan savayı, vaqonun ön şüşəsi artıq müxtəlif hissələrdən ibarət deyil və bütöv tökmə üsulu ilə hazırlanıb. Onun yuxarı hissəsində yerləşən informasiya panelində təkcə elektron «Bakı metrosu» ifadəsi olmayacaq. Orada istənilən «qaçan» sətrə informasiyanı yerləşdirmək mümkündür. Xəttə verilən yeni qatarda daha bir element Bakı metropoliteninin loqotipinin də burada yerləşdirilməsidir".
"Hazırda onun da tam elektronlaşdırılmış üsulla tətbiqi üzərində iş aparılır. O, sərnişinin diqqətini cəlb etməklə yanaşı, həm də burada yerləşdiriləcək informasiyanın çeşidini zənginləşdirməyə imkan verəcək. Ön hissənin işıqlanma sistemində də böyütmə effektli materialdan istifadə olunub. Bundan başqa, sərnişin salonunda istehsalçı müəssisə, vaqon-inventar və s. ilə bağlı lövhələr artıq «Bakı Metropoliteni» QSC-nin müvafiq sahəsinin bazasında hazırlanır", — məlumatda qeyd olunur.
Bundan əlavə, gələcəkdə innovativ yeniliklərin genişləndirilməsi, o cümlədən maşinist pultunun tam müasirləşdirilməsi planlaşdırılır: "Bu yeniləşmə «Nərimanov» elektrik deposunun bazasında istismara veriləcək qatarların əsaslı təmiri sahəsində yerinə yetiriləcək. Onun inşası da sürətlə aparılır. Tikinti işləri ilə yanaşı, sahənin material-texniki təchizatı ilə bağlı məsələlər də planlı şəkildə həllini tapmaqdadır. Əsaslı təmir sahəsinin inşası və təchizatı başa çatdığı vaxtdan tam gücü ilə istismara veriləcək".