Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Sputnik-ə açıqlamasında bildirib ki, bu problemin müxtəlif səbəbləri var: "Məsələn, sürücünün həmin ərazidə yaşamaması, qeydiyyatda olduğu ünvanla yaşadığı ünvan arasında fərqlərin olması, poçtalyonun vaxtında çağırış vərəqəsini çatdırmaması və digər göstəricilər var ki, bunlar həyata keçirilməlidir. Bütövlükdə bu kimi çatışmamazlıqları aradan qaldırmaq üçün sürücü mütləq qeydiyyatda olduğu rayon DYP şöbəsi ilə törətdiyi xətanın təsdiqlənməsinə çalışmalıdır ki, ən azından ödəmək istədiyi cəriməni vaxtında ödəsin ki, ona 10% güzəştin edilməsi haqqını qazansın".
Ödəniş problemi isə inzibati xətaya yol vermiş sürücünün barəsində yazılmış protokolun sistemə köçürülməməsindən qaynaqlanır. Belə ki, sürücü cəriməni ödəmək üçün banka yaxınlaşanda çətinliklə üz-üzə qalır. Bankdan bildirirlər ki, cərimə sistemə oturmayıb.
Belə olan halda da sürücülər protokol cərimələrini ödəyə bilmirlər. Ödəniş prosesi həyata keçirilmədikdə isə, yol polisi sürücünü saxlayır və ona bu barədə məlumat verir. Sürücü isə öz növbəsində məsələdən xəbərdar olduğunu, sadəcə olaraq ödəniş prosesini bank vasitəsilə həyata keçirməyin mümkün olmadığını qeyd edir.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsində edilən və martın 1-dən etibarən qüvvəyə minən dəyişikliyə əsasən, sürücünün törətdiyi və xüsusi texniki vasitələrlə (kameralarla və ya radarla) qeydə alınmış qayda pozuntuları elektron protokolla rəsmiləşdirildikdən sonra həmin elektron protokol hər bir sürücünün elektron kabinetinə 1 aydan gec olmayaraq yerləşdirilməzsə, sürücü həmin qayda pozuntusuna görə məsuliyyətdən azad olunur.
Başqa sözlə, sürücünün törətdiyi qayda pozuntuları cəmiyyətdə "MMX protokol" kimi tanınan elektron protokolla rəsmiləşdirilibsə, həmin protokol xətanın törədildiyi gündən bir ay müddətində sürücünün özünün, bankın, poçtun görə biləcəyi sistemdə yerləşdirilməlidir. Əks təqdirdə, yəni MMX protokol qayda pozuntusundam sonrakı bir ay müddətində "elektron kabinet"də yerləşdirilmədikdə həmin sürücü bu qayda pozuntusuna görə cərimə oluna bilməz.