Ülkər İsmayılqızı, Sputnik Azərbaycan
BAKI, 2 iyun — Sputnik. Onunla söhbətimiz çox ağır oldu. Təsadüfən universitetin qarşısında rastlaşdıq. Salam verdim, xatırlatdım ki, 90-cı illərdə universitetdə bizə dərs deyib. O qədər tələbəsi olub ki, çətin ki, məni xatırlasın. Amma mən onu heç unutmadım.
Xatırlayıram ki, Bakı, İçərişəhər onun ən yaralı yeri idi. Elə Bakının ucdantutma söküldüyü, tarixi binaların buldozerlərin qabağına verildiyi bu günlərdə də onun etirazının ərşə qalxacağını düşünürdüm. Hələ tələbə vaxtı, universitetdə hər dəfə onu görəndə, nə qədər qəribə səslənsə də, rayonlu olduğum üçün utanırdım.
Çünki hər dəfə mühazirəyə 80-lərin sonu, 90-ların əvvəllərində urbanizasiyanın Bakıya vurduğu zərbələrlə başlayardı. Deyərdi ki, kəndlilər şəhər mədəniyyətini anlamazlar. Yuxarıdakı qonşunu nəzərə almadan, suyu daim açıq qoyarlar (onda su sayğacları quraşdırılmamışdı- red.), qonşunun başına su axıdarlar, zibili balkondan aşağı tullayarlar, marşruta, metroya minəndə bir-birini itələyərlər, yol verməzlər, küçədə, marşrutda, evdə qışqıra-qışqıra danışarlar, heç düşünməzlər ki, öz hərəkətləri və danışıqları ilə başqalarını narahat edirlər…
"Gör, Parisdə belə binaları uçurardılar?"
Rasim müəllim "Bakını yenə sökürlər" replikama əsəbi reaksiya verdi. Mühazirə zamanındakı etiraz nitqinə söyüşü də əlavə etmişdi. Ona fikirlərini yazmaq istədiyimi bildirirəm.
"Oxuyan olacaq? Görəsən bizim bəzi məmurları bu həyatda puldan, var-dövlət yığmaqdan başqa bir şey düşündürür? Avropadakı binaları bura köçürməklə deyil e, gərək beynin, düşüncən avropalı olsun. Get bax, gör Parisdə belə binaları uçurardılar? Ümumiyyətlə, hansı mədəni ölkədə tarixi əhəmiyyəti olan binanı, məhəllələri uçurdurlar?! Yenisini tikmək istəyəndə gərək köhnəni uçurasan? Bakı ətrafında o qədər səhralıqlar var ki. Sənə oğul deyərəm, o səhranı cənnətə çevir. Yəhudi səhranın ortasında cənnət yaradıb. Onların heç nefti də yoxdur. Bəs biz nə yaratmışıq?!" — deyir.
Düşünürəm ki, yaşı 70-i haqlamış bu qocaman professorun dediklərində nə doğru deyil? Doğrudan da, bəzi məmurlar hansı haqla bu adamın doğulub-böyüdüyü, 70 ilin xatirələrini gəzdirdiyi yerləri kiminsə bina tikib pul qazanmaq ehtirasına qurban verirlər?!
Bura mənim doğulub böyüdüyüm əyalət deyil. Amma bura mənim vətənimin paytaxtıdır. Mən burada təhsil almışam, işləyirəm, yaşayıram, övladlarım burada dünyaya göz açıblar, burada böyüyürlər, onların doğum haqqında şəhadətnamələrinə doğulduğu yer Bakı yazılıb. Bakı nəinki mənə, bu ölkədə yaşayan hər kəsə öz töhfələrini verib, həm təbii sərvətləri ilə, həm mədəniyyəti ilə, həm də yaratdığı imkanları ilə.
Hökumət bu abidələri qorumaq vəzifəsini üzərinə götürüb
Azərbaycanın görkəmli teatr aktyoru, teatr və kino rejissoru olmuş, bu ölkənin mədəniyyət tarixində özəl yeri olan Abbas Mirzə Şərifzadənin evi sökülüb. Təkcə onun evi deyil, üç əsrlik tarixin yaddaşı sökülüb. Ölkə qanunvericiliyi də tələb edir ki, tarixi şəxsiyyətlərlə bağlı binalar qorunmalıdır.
"Tarixi abidələrin qorunması haqqında" qanunun 1-ci maddəsində yazılıb: "Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır".
Amma Bakının mərkəzində, "Sovetski" adlanan yerdə, ənənəvi məhəllələri ifadə edən evlər, qanuna görə memarlıq abidələri sayılan binalar, məhəllələr dağıdılır. Yasamal rayonunun başqa bir yerində, Murtuza Muxtarov 83 ünvanında, əsası 1888-ci ildə qoyulmuş "Yuğ" teatrının yerləşdiyi tarixi bina da dağıdılıb. O bina 19-ci əsr Azərbaycan memarlığının incilərindən biri idi. "Fərəculla hamamı" kimi tanınan bu binanın turistik əhəmiyyəti var idi. Elə milyonçu Ağabala Quliyevin də evini eyni aqibət gözləyir.
Təəssüf ki, Azərbaycanda məmurlar nəinki ölkə qanunvericiliyinə, heç ratifikasiya etdiyimiz beynəlxalq qanunvericilik aktlarına da məhəl qoymurlar. Azərbaycan 26 noyabr 2009-cu ildə "Avropanın memarlıq irsinin qorunması haqqında" 1985-ci il oktyabrın 3-də Qranada şəhərində imzalanmış konvesiyaya qoşulub. Bu konvensiyaya görə, Nazirlər Kabineti kefi istədiyi abidəni tarixi abidələr siyahısından çıxara bilməz. Hökumət öz imzası ilə bu abidələri qorumaq vəzifəsini üzərinə götürüb.
Bundan başqa, Azərbaycanın Avropa Şurasının üzvü olaraq mədəni irsi qorumaq öhdəliyi var. Amma Azərbaycanın Nazirlər Kabineti nə edib? Tarixi abidələr siyahısından 23 abidəni çıxarıb və bununla da onların sökülməsinə yaşıl işıq yandırıb.
Tutaq ki, siçan-siçovul yuvasıdır…
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov "Sovetski"də yerləşən və söküntüsünə qərar verilən abidələrin hazırda öz tarixi əhəmiyyətini itirdiyini deyib: "Bakı qədim şəhərdir. Amma təəssüflər olsun ki, 70 il Sovet əsarəti altında qalanda, Sovetlər ya bilərəkdən, ya da bilməyərəkdən ölkəmizdə olan bir çox tarixi abidələri istismar edib, yararsız vəziyyətə salıb".
Yaxud Memarlar İttifaqının üzvü Fəxrəddin Miralay «Sovetski»də sökülən binaları tarixi əhəmiyyətli saymır: ««Sovetski»dəki yaşayış binalarının əksəriyyəti siçan-siçovul yuvası idi. Nə zamandan bəri «Sovetski» tarixi abidə olub?".
Tutaq ki, belədir. Bəs hər istismar edilən və yarasız hala salınan abidə, siçan-siçovulun yuva saldığı yer sökülməlidir?! Onun təmiri, bərpası, ən azı açıq səma altında muzey kimi qorunması mümkün deyil?! Necə olur ki, italyanlar, yunanlar, fransızlar və başqaları tarixi eramızdan çox-çox əvvələ gedib çıxan yarımçıq, yarıuçuq abidələri bu günədək qoruyur, amma biz sökürük?! Onda italyanlar axmaqdırlar, eramızın 1-ci əsrində tikilmiş, yarısı uçmuş Kolizeyi indiyədək Romanın ortasında açıq səma altında muzey kimi saxlayırlar.
«Sovetski» Bakının inkişaf mərhələlərindən birini özündə ehtiva edirdi. Tarixçi alim Altay Göyüşovun sözləri ilə desək, Bakını ictimai-siyasi, mədəni, arxitektura baxımdan Avropaya bağlayan hissə idi. Burda Azərbaycanın ictimai-siyasi xadimləri yaşayıb, operamız, mətbuatımız orda yaranıb. «Sovetski»ni sökmək bu tarixi silmək kimidir. Halbuki Bakının özəlliyini qorumaq, bura turist cəlb etmək üçün «Sovetski»də təmir-bərpa işləri aparmaq mümkün idi, nəinki onları söküb yerində bina tikmək.
Barı bu şəhərin qədimliyini sübut edəcək 3-5 nümunəni saxlayın!
İnkişaf etmiş ölkələrdə tarixə hörmət edirlər, onu dövlət qoruyur, hətta vətəndaş öz mülkiyyətində olan tarixi binanı sökə bilməz, o binanı ya dövlətə satmalı, ya da dövlətin ayırdığı vəsaitlər hesabına bərpa etməlidir.
Bizdə vətəndaşın etirazlarına, müqavimətlərinə baxmayaraq, onun dədə-babasından qalmış mülkü uçururlar. Adam, barı bu şəhərin qədimliyini sübut edəcək 3-5 nümunəni saxla! Kim deyib ki, Bakını müasir Avropa stilində şəhərə çevirərkən onun qədimliyini göstərən nümunələri yerlə-yeksan etməlisən?!
Ukraynada ölkənin hər yerindən qədim yaşayış binalarını, tarixi əhəmiyyəti olan kilsələri, dəyirmanları, ərzaq saxladıqları anbarları belə, Kiyevdə böyük bir əraziyə yığaraq açıq səma altında muzey yaradıblar. Bizdə isə, Rasim müəllim demişkən, cəmi-cümlətanı 25-30 ildir şəhərə gəlib çıxmış adamlar indi özlərini şəhərin ağası kimi aparırlar. Onlar üçün tarix, mədəniyyət deyilən anlayışlar yoxdur.
Viktor Hüqo yazırdı ki, Parisin altından keçən kanalizasiya xətləri heç vaxt sökülməyəcək. Çünki parislilər öz əlləri ilə qurub-yaratdıqlarının dağıdılmasına dözə bilməzlər.
İndi siz gəlin Bakının qurulmasında babalarının zərrə qədər əməyi olmayan azərbaycanlı məmurlara başa salın ki, aktyorun, bəstəkarın doğulduğu, ilk operanın, milli mətbuatın yarandığı Şərqin memarlıq incilərini niyə vandalcasına sökmək olmaz. Adamın, Haruki Murakaminin qəhrəmanı sayaq, üzünü onlara tutub qışqırmağı gəlir: niyə sökürsən, axı sən bu şəhəri doğmamısan!!!
P.S.
Artıq sosial şəbəkədə Bakı şəhərindəki tarixi binaların müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb. Azərbaycan ziyalıları, görkəmli şəxsiyyətlər, elm adamları bu petisiyanı imzalayaraq, Azərbaycan paytaxtının tarixi simasının dəyişdirilməsinə öz hiddətlərini bildiriblər.
Ümumilikdə, ölkə rəhbərliyinə müraciəti 3 mindən artıq adam imzalayıb. Onların arasında Azərbaycanın birinci xanımının bacısı, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva da var.