BAKI, 2 iyun — Sputnik. Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli "World Masters" turnirində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Bu barədə Sputnik-ə Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata görə, mötəbər turnirdə 4 medal qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev adına Binə Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar. Gül-çiçəklə qarşılanan cüdoçuların şəninə müxtəlif təzahüratlar səsləndirilib.
Qeyd edək ki, "World Masters" turnirində cüdoçularımızdan Orxan Səfərov (60 kq), Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib olublar.