Bunu Rusiya prezidenti Vladimir Putin Yunanıstana səfəri zamanı ölkənin baş naziri Aleksis Tsiprasla keçirdiyi mətbuat konfransı zamanı deyib. O, qeyd edib ki, Rusiya müxtəlif kanallarla Türkiyə ilə əlaqədədir: "Moskva "Su-24"ün vurulması ilə bağlı Ankaradan konkret addımlar gözləyir. Amma hələ bu addımlar yoxdur. Münasibətləri biz yox, onlar pozub".
Putinin sözlərinə görə, Rusiya daha öncə Türkiyə ilə olan əlaqələrə böyük önəm verirdi. "Mən hələ də başa düşmürəm ki, Türkiyə niyə bu münasibətləri pozdu".
Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşun sözlərinə görə isə, Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var: "Türkiyə əvvəlki kimi bəyan edir ki, Rusiyaya məxsus Su-24 təyyarəsi vurulanda Ankara həmin bombardmançının kimə aid olduğunu bilmirdi".
N. Kurtulmuş Ankara və Moskvanın dialoq yolu ilə münasibətlərdəki böhranı nizamlaya biləcəklərinə ümid etdiyini bildirib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik-ə açıqlamasında bildirib ki, Rusiya ilə Türkiyənin gərgin münasibətləri bölgədəki siyasi proseslərə də təsir edir: "Rusiya ilə Türkiyə arasında dostluq münasibətlərinin yenidən bərpasına ehtiyac var. Çünki münasibətlər gərgin olduqca bölgədəki siyasi proseslərə də təsir edir. Rusiya Türkiyə əleyihinə müəyyən fəaliyyətlərlə məşğuldur, bu da münasibətlərə ziyan verir".
"Ona görə, Putinin açıqlamasını mən yumşaldıcı bir açıqlama kimi hesab edirəm. Türkiyə tərəfindən verilən təklif də çox dəyərlidir ki, bir qrup yaradılsın və münasibətlərin nizamlanması ilə bağlı təkliflər ortaya qoysun. Mənə elə gəlir ki, aşağı səviyyədə ikitərəfli bir qrup yaradılsa və münasibətlərin normallaşdırılması üçün müəyyən təkliflər hazırlasa, bu, ümumi işin xeyirinə olar", — E. Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, Rusiya ilə münasibətlərin normallaşması üçün Türkiyə əlindən gələni edir: "Baş nazirin müavini Numan Kurtulmuş açıq dedi ki, biz onun Rusiya təyyarəsi olduğunu bilmirdik. Bundan böyük geri addım olmaz. Amma Rusiya çox sərt tələblərini təkrar edir ki, Türkiyə üzr istəməlidir, təzminat ödəməlidir. Türkiyə sərhədini pozubsa təyyarə, aydındır ki, Türkiyə üzr istəmək məsələsində razılaşmayacaq. Yox əgər Rusiya bu tələblərini bir az arxa plana atıb dialoqa başlasa, mən düşünürəm ki, münasibətləri çox qısa müddətə bərpa etmək mümkündür".
İki ölkə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozan Rusiyanın "Su 24" qırıcısı Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu addımına çox kəskin reaksiya verib. O, demək olar ki, özünü Türkiyə ilə münasibətlərin tamamilə kəsilməsinin tərəfdarı kimi göstərirdi. Putin bu addımı "arxadan vurulan zərbə" adlandırmışdı.
Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb. Hətta noyabrın 29-da Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə sanksiyalar tətbiq olunması barədə qərarından sonra Rusiyanın cənub dənizlərinə çıxışı olan Türkiyə boğazlarının bağlanması məsələsi gündəmə gəlmişdi. Noyabrın 24-dən etibarən hər iki ölkə rəsmiləri bir-birlərinə qarşı demək olar ki, hər gün kəskin bəyanatlar səsləndiblər.