BAKI, 31 may — Sputnik. Parlamentin iclasında "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilir. Sputnik xəbər verir ki, millət vəkili Ziyad Səmədzadə büdcənin icrasından danışarkən, neftin qiymətinin 3 dəfə aşağı düşməsinin iqtisadiyyata mənfi təsirinlərini diqqətə çatdırıb.
"Ötən il iqtisadi inkişafa nail olunub. 2015-ci ildə büdcənin icrasında vergi və gömrük proqnozu artıqlaması ilə yerinə yetirib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib", — deyə deputat bildirib.
Onun sözlərinə görə, ölkənin müdafiəsi ilə bağlı xərclərdə heç bir azalma olmayıb: "Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 milyard manat ayrılıb".
Z. Səmədzadə əlavə edib ki, dövlət büdcəsində Dövlət Neft Fondunun gəlirləri üstünlük təşkil edir: "2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015-ci ildə 8 mlrd. manat təşkil edib. Gələcəkdə Dövlət Neft Fondunun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək".
"Gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək. Son 10 ildə dövlət büdcəsinin kəsiri proqnozdan artıq olmayıb ki, bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir", — deputat vurğulayıb.
Millət əlavə edib ki, dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 32,7% təşkil edib: "2015-ci ilin dövlət büdcəsində 286,5 mln. manat məbləğində büdcə kəsiri (defisit) olub. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxiolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib. 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 mln. manat təşkil edib".
"Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirələrdən sonra səsəqoyularaq qəbul edilib.