BAKI, 29 may — Sputnik. ŞəmkirChess2016 superturnirində ilk qələbəsini qazanan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Ukrayna təmsilçisi Pavel Elyanov üzərində qələbədən sonra turnirin mətbuat xidmətinə müsahibə verib.
- Dünənki məğlubiyyətdən sonra biz bu gün fərqli Şəhriyarı gördük. Nə baş verdi?
— Dünən özümü tanımadım. Pentala Harikrişnayla oyun çox pis alındı. Əslində bərabər oyun gedirdi. Sadəcə risk etdim. Çünki, qələbə qazanmaq istəyirdim. Nəticədə rəqib istədiyim gedişi etmədi. Artıq geriyə yol yox idi. Ona görə məğlub oldum. Halbuki məğlubiyyətə layiq deyildim. Bilmirəm nədən belə alındı. Heç özümə bənzəmirdim. Bu gün Elyanova qarşı məqsəd yalnız qələbə idi.
- Pavel Elyanovla görüşdə heç-heçə təklif edə bilərdin. Amma qələbəyə qədər oyunu davam etdin…
— Yaxşı hazırlaşmışdım. Rəqibi də yaxşı tanıyırdım. Təklif etdiyim oyuna getdi. Bu mənada çox maraqlı oyun davam etdi. Üstünlük aşkar görünməsə də qələbə qazanmağın yollarını axtarırdım. Sevinirəm ki, Şəmkirdə ilk qələbəmi qazandım. Bu turnirdəki növbəti oyunlarda mənə böyük kömək olacaq.
- Hər zaman deyirdin ki, doğma divarlar arasında oynaya bilmirsən. Bu fikirlər hələ də razısan?
— Azərbaycanda keçirilən turnirlərdə oyunum bəzən alınmır. Son 4 ildə keçirilən yarışlarda ancaq reytinq itirmişəm. İstədiyim oyunu göstərə bilmirəm. Səbəbi mənə məlum deyil. Hərdən deyirəm ki, camaat nə deyəcək? Mən hər oyunda qələbə qazanmaq istəyirəm. Dünənki oyundan sonra Elyanovla partiyada ancaq uğur qazanmaq istəyirdim. Dedim risk etsəm alınmasa, tamaşaçılar deyəcək hər il gəlirlər uduzub gedirlər. Belə olmaz axı.
- Şəmkirdə Azərbaycan şahmatçıları qalib ola bilər?
— Əlbəttə, niyə də olmasın. Sadəcə düzgün və dəqiq oynamaq lazımdır. Bu gün Şəmkirdə kifayət qədər güclü şahmatçılarımız çıxış edir.
- Hansı şahmatçını Şəmkirdə görmək istəyərdin?
— Maqnus Karlsen bu il gələ bilmədi. Ammaq Vladimir Kramnik və ya Vişvanatan Anandı burada görmək istəyərdim. Onlara qarşı oynamaq hər zaman maraqlıdır. Çox güclü olmaqlarına baxmayaraq belə rəqiblər istənilən turniri güclü yarışa çevirir.
- Elyanovla qələbə qazanandan sonra axşam necə dincələcəksən?
— Oteldə Çempionlar Liqasının finalına baxacam. Finalda "Atletiko"nun "Real"a qalib gəlməsini istəyirəm. Çünki, "Barselona" fanatıyam. Onlar kataloniyalılara qalib gəldi, heç olmasa kral klubunun çempion olmasına imkan verməsinlər.
- Bakı Şahmat Olimpiadasına hazırlıq planı təsdiqlənib. İlk hazırlıq Qəbələdən başlayacaq. Bu barədə nə düşünürsən?
— Fikrimcə biz Şəmkirdəki yarışdan sonra mütləq sürətli hazırlığa başlamalıyıq. İlk hazırlıq Qəbələdə olacaq. Fikrimcə bir qədər gecikirik. Təlim-məşq toplanışında ciddi işləməliyik. Millidə əhval çox yüksəkdir. Məsuliyyəti dərk edirik. Ona görə Bakı Şahmat Olimpiadasında yaxşı nəticə qazanmaq üçün mübarizə aparacayıq. Potensialımız yüksəkdir. Rəqiblərimizi unutmamalıyıq.