BAKI, 25 may — Sputnik. Böyük yeddilik (G7) ölkələrinin 26-27 may tarixlərində Yaponiyada keçiriləcək sammiti öncəsi təhlükəsizlik tədbirləri ən üst səviyyəyə çatdırılıb. Sammit Yaponiyanın Sakit okeanda yerləşən Kasikodzima adasında baş tutacaq.
Sputnik Guardian-a istinadən xəbər verir ki, yığıncağın keçiriləcəyi yerdən 300 km. şimal-şərqdə yerləşən Tokioda küçə və müxtəlif obyektlərin mühafizəsi üçün 19 min polis səfərbər edilib. Vağzallar, ticarət mərkəzləri və insanların sıx olduğu başqa yerlərdə onlar cüt-cüt, əksər hallarda isə bir-birilərindən cəmi bir neçə on metr məsafədə gəzib-dolaşacaqlar. İse-Sima milli parkının yerləşdiyi Mie və ona bitişik Ayti perfekturalarına Yaponiyanın müxtəlif rayonlarından 23 min polis əməkdaşı cəlb olunub.
Onlar keşik çəkməklə yanaşı, keçib gedən avtomobilləri yoxlamaq üçün qurulacaq çoxsaylı blok-postlarda məşğul olacaqlar. Sammitin keçirildiyi yeri dənizdən 100-ə yaxın sahil mühafizə katerləri mühasirəyə alacaq.
Əraziyə Yaponiya Hərbi Dəniz Qüvvələrinin su basımı 19,5 ton olan "İdzumo" böyük vertolyotdaşıyan gəmisi də daxil olmaqla raket esminesləri yaxınlaşdırılıb. İse-Sima ərazisinin hava məkanı uçuşsuz zonadır və onun səmasına radar və döyüş təyyarələri nəzarət edir.