BAKI, 25 may — Sputnik. Bu gün futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.
Bu qarşılaşma ilə ölkədə 2015/16 mövsümünə yekun vurulub.
Ardıcıl 3-cü dəfə Topaz Premyer Liqasını çempion kimi başa vuran “Qarabağ” “Neftçi” ilə oynayıb. Matçın əsas vaxtında qol olmayıb. Əsas maraqlı məqamlar isə əlavə olunmuş dəqiqələrdə yaşanıb. Belə ki, ilk 15 dəqiqə də səssiz keçildikdən sonra ikinci əlavə vaxtın xüsusilə sonları xeyli həyəcanlı keçib.
120-ci dəqiqədə "Qarabağ" Miçelin baş zərbəsi ilə hesabı açıb. Bundan bir dəqiqə sonra Erik Ramos rəqibə bilərəkdən zərbə endirərərək qırmızı vərəqə ilə cəzalandırılıb. Ağdamlıların say üstünlüyü cəmi bir dəqiqə çəkib. Bu dəfə digər cənubi amerikalı Reynaldo Kamal Qurbanovun ayağına bilərəkdən təpik vurub və bu da qısamüddətli qalmaqala səbəb olub. Braziliyalı qırmızı vərəqə "payını" aldıqdan sonra görüş başa çatıb.
Beləliklə, "Qarabağ" mövsümü qızıl dublla başa vurub.