BAKI, 24 may — Sputnik. Baku Crystal Hall-da 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması münasibətilə tədbir keçirilib.
Sputnik xəbər verir ki, tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimov yarışın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb: "Azərbaycanda çox mötəbər və böyük yarışlar keçirilir. Buna baxmayaraq yenə də eyni həyəcan hissini yaşayırıq. İlk dəfə olaraq Azərbaycana idman sahəsində 180 ölkənin nümayəndəsinin gəlməsi gözlənilir".
FİDE prezidenti Kirsan İlümjinov Şahmat olimpiadasına hazırlıq işlərinin yüksək səviyyədə olduğunu qeyd edib. "Yarışa 100 gün qalıb və geri sayıma başlayırıq. Biz yarışa hazırlıqla tanış olduq. Hazırlıqlar yüksək səviyyədə davam edir. İnanıram ki, bu yarış dünya şahmat tarixinə düşəcək”
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov çıxış edərək bildirib ki, Şahmat olimpiadasına komanda olaraq güclü hazırlıqlar gedir. "Azərbaycan 3 komanda ilə təmsil olunacaq. Olimpiadanın Bakıda keçirilməsi şahmatda son dövrlərdə əldə olunan uğurlardan biridir".
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Əməliyyat Komitəsinin icraçı direktoru Mahir Məmmədov çıxışı zamanı bildirib ki, Olimpiadanın açılış məkanı Milli Gimnastika arenası olacaq. Yarışın özünün isə Crystal Hall-da keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası 1 — 14 sentyabrda keçiriləcək.