BAKI, 24 may — Sputnik. "Hazırda yer üzündə kütləvi qırğının qarşısını alan əsas vasitələrdən biri peyvəndir. Peyvəndsiz insan həyatını təsəvvür etmək mümkün deyil".
Bunu Sputnik-ə açıqlamasında həkim, tibbi ekspert Rasif Bağırov deyib. Onun sözlərinə görə, peyvənd olmayanda orqanizmin müqavimət qabiliyyəti aşağı düşür və insanların xəstəliklərə yoluxma qabiliyyəti çoxalır.
"Bu gün cəmiyyətdə su çiçəyinə çox rast gəlinir. İlk baxışdan adama elə gəlir ki, bu, bir həftəyə, 10 günə düzəldi, getdi. Bəzən su çiçəyindən elə fəsadlar meydana çıxır ki, həm mərkəzi sinir sistemində, həm digər orqanlarda sonradan onu aradan qaldırmaq, qaydaya salmaq çox çətin olur. Rotavirus gündəlik rast gəldiyimiz virus prosesləridir ki, sonradan bu, orqanizmdə müxtəlif fəsadlar yaratmağa qadirdir. Bunlara qarşı peyvəndlərin vurulması çox yaxşı olar", — həkim qeyd edib.
O, bir məsələni təəssüflə qeyd edib ki, Azərbaycanda peyvəndlər bir dəfə insanlara vurulduqdan və insan müəyyən yaşa dolduqdan sonra onun təsiri zəifləyir: "Adətən peyvənd uşaq vaxtı vurulur. Müəyyən müddətdən sonra o peyvəndlərin təsiri zəifləyir. Bir də görürsən ki, qızılcaya qarşı peyvənd olunmuş adam 25-30 yaşında bu xəstəliyə tutulur".
"Müəyyən peyvəndlər insan orqanizmində vaxt ötdükcə zəifləyir. Yaxşı olardı ki, hansı peyvəndlərin orqanizmdə zəifləmə prosesi gedirsə, onları yenidən insanlara vursunlar. Peyvəndlərin sırasının genişlənməsi çox yaxşı haldır. Nə qədər xəstəliyə qarşı peyvəndlər olunsa, cəmiyyət də sağlam olar", — R. Bağırov vurğulayıb.
Mütəxəssis xaricdən gətirilən peyvəndlərin keyfiyyətli olduğunu deyir: "Xaricdə firmalar buna zəmanət verir. Cəmiyyətdə bununla bağlı müəyyən şayiələr buraxırlar. Əslində buna inanmağın özü düzgün deyil".
Bu arada, Respublikanın baş pediatrı Nəsib Quliyev də peyvəndlərlə bağlı açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanda gələcəkdə ilk olaraq su çiçəyinə, sonradan isə meningit və rotavirusa qarşı peyvəndlərin tətbiqi nəzərdə tutulub.
"Bu gün bəzi vaksinlər tam təkmilləşməyib. Gözləyirik ki, su çiçəyinə qarşı tam texnoloji səviyyədə vaksinlər hazırlansın. Digər tərəfdən, su çiçəyinə yoluxma zamanı qaydalara riayət etdikdə onun nəticəsi xoşagələn olur", — deyə baş pediatr bildirib.
O, peyvəndin fəsadının olduğunu da qeyd edib: "Biz ümumiyyətlə, heç bir fəsadı olmayan peyvəndi gözləyirik. Peyvəndin, yoxsa xəstəliyin fəsadı daha ağır ola bilər? Biz bunu müqayisə edirik. Hazırda müqayisə mərhələsindəyik. Su çiçəyinə qarşı yeni vaksinlərin istehsal olunması gözlənilir. O zaman Azərbaycanda su çiçəyinə qarşı 12-ci peyvənd tətbiq olunmağa başlanacaq. Ümumiyyətlə, insanlar 25-ə yaxın xəstəliyə qarşı peyvənd oluna bilər".
Baş pediatrın sözlərinə görə, peyvəndlər müxtəlif dozalarda olur: "Azərbaycan milyonlarla doza vaksini 1 dozadan 20 dozaya kimi olan flakonlarda alır. Çox dozalıq flakonların alınmasının da bir çox üstün cəhətləri var. Birinci şərt onun qiymətinin dəfələrlə ucuz olmasıdır. Bir dozalıq vaksin 10 manata alındığı halda, 20 dozalıq vaksini də eyni qiymətə almaq olar. Vaksinin tək dozada alınmasının heç bir xeyri yoxdur. Ona görə də bir flakonla 1-5-10-20 nəfərlik dozada vaksinlər alınır".
"Məsələn, Bakıda uşaqların sayı çox olduğundan şəhərdəki poliklinikalara çox dozalıq peyvəndlər verilir. Rayon yerlərində uşaqların üçü və ya beşi eyni vaxtda anadan olanda, həmin əraziyə az dozalıq flakonlar paylanır. Lakin vaksinin tərkibində heç bir fərq olmur", — həkim vurğulayıb.
N. Quliyev bildirib ki, uşaqların peyvəndi üçün lazım olan bütün preparatlar dövlət hesabına gətirilir və pulsuz vurulur: "Peyvənd istehsal edən zavodların heç biri işlədiyi ölkəyə aid deyil. Yəni, peyvənd istehsal edən zavodların hamısına bir mərkəzdən — Dünya Səhiyyə Təşkilatının Strateji Nəzarət Qrupu tərəfindən nəzarət edilir. Zavodun hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, bir mənbədən lisenziya alırlar. Ona görə də peyvəndlərin keyfiyyətinin fərqli olması ilə bağlı deyilənləri ciddi qəbul etmirik".