BAKI, 10 may — Sputnik. Azərbaycanda xırdabuynuzlu heyvanlarda brusellyoza qarşı kütləvi peyvəndləmə aparılır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, heyvanlar Beynəlxalq Epizootik Büronun tövsiyələrinə əsasən, dünya təcrübəsində istifadə olunan Rev-1 vaksini ilə peyvəndlənir.
Bu vaksin göz damcısı formasında tətbiq edilir. Rev-1 vaksini inyeksiya və göz damcısı formasında mövcuddur. İnyeksiya formasında işlədilən Rev-1 vaksini heyvanlarda 2 il müddətində immunitet qazandırır, lakin boğaz heyvanlarda balasalma riski yüksək olur.
Rev-1 göz damcısı üsulu isə peyvənd heyvanlarda brusellyoz xəstəliyinə qarşı 4-5 il müddətinə immunitet yaradır, eyni zamanda, boğaz heyvanlarda balasalma riskini də azaldır. Bununla belə, istehsalçılar fermerlərə boğaz heyvanları peyvəndləməməyi tövsiyə edirlər.
Nazirliyin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması" layihəsi çərçivəsində alınan Rev-1 göz damcısı vaksini İordaniyanın "Jovak" şirkəti tərəfindən istehsal olunub və Beynəlxalq Epizootik Büronun Akkreditə edilmiş laboratoriyasının keyfiyyət sertifikatına malikdir. Brusellyoz xəstəliyindən qorunmaq üçün çiy süd və ondan hazırlanmış məhsullardan istifadə etməmək, heyvan alarkən isə, göz damcısı üsulu ilə peyvəndləndiyini bildirilən qulağı çərtilmiş heyvan almaq tövsiyə olunur.