BAKI, 24 may — Sputnik. Hesablama Palatası tərəfindən aparılan təhlillərə əsasən, dövlət zəmanəti ilə verilmiş və Mərkəzi Bankdan kredit almış bir sıra təşkilatlar həmin kreditin və ona hesablanmış faizlərin ödənişi zamanı müəyyən çətinliklərlə üzləşir. Bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, bu da son nəticədə ödənişin büdcənin digər mənbələri hesabına aparılması zərurəti ilə nəticələnir. Müəyyən olunub ki, bir sıra hallarda büdcədən maliyyələşən təşkilatlara, nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərə Mərkəzi Bankdan hökumət zəmanətli kreditlər verilir ki, bunun da ödənişi daxili borc üzrə xidmət xərclərində nəzərdə tutulmadığından, hökumətin müvafiq sərəncamları ilə növbəti ilin büdcəsində əsaslı vəsait qoyuluşu planlaşdırılarkən müvafiq vəsaitlərin həmin təşkilatların nizamnamə kapitalının və ya aktivlərinin artırılmasına yönəldilməsi kimi nəzərdə tutulur.
Mərkəzi Bank tərəfindən verilmiş məqsədli kreditlər barədə məlumata əsasən, Hesablama Palatası tərəfindən aparılan təhlil nəticəsində müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 milyard 769,78 milyon manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 milyon manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 milyon manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Vaxtı keçmiş borclar əsasən "Azəraliminium" ASC üzrə (76 mln. manat əsas borc, 18,7 mln. manat faiz borcu), "Azərenerji" ASC üzrə (əsas borc üzrə 29,9 mln. manat), "Azərbaycan Hava Yolları" QSC (əsas borc üzrə 270,47 mln. manat əsas borc, faiz borcu üzrə 104,15 mln. manat) müşahidə olunub.
Adıçəkilən təşkilatların hesabat ilində vəsaitlərin icrası ilə bağlı təqdim etdiyi hesabat göstəriciləri üzrə aparılan təhlil işləri onların maliyyə vəziyyətlərinin qeyri-qənaətbəxş olmasından xəbər verir. Bu da qeyd olunan təşkilatların dövlət zəmanətli kreditlər üzrə borcunun vaxtında qaytarılmaması ehtimalını artırır. Bütün bunlar isə öz növbəsində dövlət zəmanətli kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riskini artırır.
"Sual ortaya çıxır ki, bu təşkilatlar özü-özlərini maliyyələşdirməli idilər. Niyə bunların kreditlərə ehtiyacları əmələ gəlib? İndi də götürdükləri kreditləri qaytara bilmirlər".
Bunu, Sputnik-ə şərhində bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib: "İlk növbədə müəyyən edilməlidir ki, götürülən kreditlər təyinatı üzrə xərclənib, yoxsa yox. Bu təşkilatların pulları hara xərclədiyi bilinmir, hələ üstəlik kreditlər də götürüblər. Bunları da qaytarmırlar".
Ekspert bildirib ki, Mərkəzi Bank bu kreditləri həmin təşkilatlara birbaşa deyil, hansısa banklar vasitəsilə verib: "Mərkəzi Bank birbaşa kredit verə bilmir. Sual çıxır ki, niyə Mərkəzi Bank, kredit təşkilatları heç bir tədbir görmür ki, bu kreditlər hara gedib, necə olub? Burada ən vacib məsələ odur ki, bu kreditlər veriləndə necə verilir? Mərkəzi Bankda kredit vermə prosesi qeyri-şəffafdır. Yəni, həmin o müqavilələr qaldırılmalıdır".
"Biz deyirik ki, Hesablama Palatası həmin təşkilatları yoxlayıb. Amma Mərkəzi Bankı yoxlamır. Çünki, "Mərkəzi Bank haqqında" qanuna görə, Hesablama Palatası Mərkəzi Bankın özünü yoxlaya bilmir. Yaxşı olar ki, Palata Mərkəzi Bankı yoxlasın ki, bu kreditləri necə verib. Əlbəttə, bunun üçün qanuna dəyişiklik lazımdır. Qoy dəyişiklik etsinlər, Palataya imkan versinlər ki, Mərkəzi Bankı yoxlansın. Mərkəzi Bankı yalnız yoxlayır audit şirkəti. Yəni, özəl şirkət yoxlayır. Heç bir dövlət qurumu bu gün Mərkəzi Bankı yoxlamır. Bu vəziyyət anormaldır", — Ə. Həsənov vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, son nəticədə dövlət o borcları bağlayacaq: "Amma pulları kim yeyib, hara xərclənib, onun yoxlaması lazımdır. Bunu etmək lazımdır".
İqtisadçı ekspert Nicat Hacızadə isə hesab edir ki, burada məsuliyyət təkcə MB-nin üzərinə düşmür: "Mərkəzi Bank kreditləri verərkən riskləri müəyyənləşdirməliydi. Burada problem tək Mərkəzi Bankın üzərində deyil, həmin o təşkilatların üzərinə də düşür".
Ekspert deyib ki, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda həmin o təşkilatların borc yükü yığması düzgün deyil: "Dövlət bu məsələyə müdaxilə edəcək".