BAKI, 4 may — Sputnik. Dünən Mərkəzi Bank uçot dərəcəsini 7 faiz səviyyəsində dəyişməz saxlamaqla likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2 faizdən 4 faizə qaldırıb, yuxarı həddini isə 17 faizdən 15 faizə endirib. Məsələni Sputnik-ə şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikrincə, bu qərarla ola bilər ki, Mərkəzi Bank özü də banklardan kredit götürsün.
"Ona görə ki, dövriyyədə olan pul kütləsini azaltmaq istəyir. Bunun üçün də Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini 2 faizdən 4 faizə qaldırıb ki, banklar özləri də Mərkəzi Banka kredit verməyə maraqlı olsun. 2 faiz çox az idi, bu faizlə banklar Mərkəzi Banka pul qoymayacaq. Aşağı həddi 4 faizə qaldırdı ki, bankların əlində gündəlik çox pul qalanda onu Mərkəzi Banka qoysun", — deyə ekspert bildirib.
Onun sözlərinə görə, MB likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddini isə 17 faizdən 15 faizə endirib: "Mərkəzi Bank bunu belə əsaslandırıb ki, inflyasiya təhlükəsi azalıb. Burada bir az qeyri-səmimilik var. Burada əsas məqsəd 17 faizdən 15 faizə endirmək deyil, əksinə 2 faizdən 4 faizə qaldırmaqdır ki, banklar Mərkəzi Banka pul qoysun. Mərkəzi Bank ümumiyyətlə faizi qaldıranda bu o deməkdir ki, inflyasiya gözləntisi böyükdür".
"Faizi qaldırır ki, çox kredit götürməsinlər. Faizi aşağı salanda isə o deməkdir ki, inflyasiya gözləntisi azalıb. Ümumiyyətlə götürəndə bu, elə də ciddi alətlər deyil", — Ə. Həsənov vurğulayıb.
Likvidlik əməliyyatlarından danışan ekspert deyib: "Hesab edin ki, bir banka çoxlarının borcu var. Bank bilir ki, sabah, ya birisi gün kimlərsə gəlib ödənişlərini edəcək və pul olacaq. Amma həmin gün kimsə gəlib bankdan pulunu, əmanətini istəyir. Belə olan halda banka 1-2 günlük pul lazım olur. Mərkəzi Bank da qərarında yazıb ki, banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə məhdudiyyətsiz olaraq istifadə edə bilərlər. Bu elə də uzun müddət deyil. Yəni, bu müddətə kredit lazımdır. Bank bu pulu başqasına kredit vermək üçün götürmür, likvidliyi çatmır, yəni, bu dəqiqə əlində pulu yoxdur, amma kimsə gəlib ondan pul istəyir. Ona görə də bank tez gedib Mərkəzi Bankdan kredit götürür. Buna likvidlik deyilir. Likvidlik əməliyyatları qısa müddətli kredit əməliyyatlarıdır".
Ə.Həsənov bildirib ki, likvidlik əksinə də ola bilər: "Tutaq ki, bu gün bir bankın pulu çoxdur, amma heç kim bankdan kredit götürmür. Bank o pulu neyləməlidir? Bu pulu saxlayanda ona sərf etmir, gəlir gətirmir. Bu halda deyirlər ki, bankın artıq likvid vəsaiti var".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Bank işi" kafedrasının müdiri, professor Zahid Məmmədov Sputnik-ə açıqlamasında deyib ki, ilk növbədə inflyasiyanın minimum səviyyədə saxlanılması üçün zaman-zaman Mərkəzi Bank çeşidli tədbirlər həyata keçirir: "Dünən verilən qərar Mərkəzi Bank tərəfindən faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə 1 gündən 7 günədək olan müddətə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarını əhatə edir. Bu qərar sırf banklar ilə bağlıdır".
"Burada əsas məqsəd manata olan inamın artırılması və valyuta bazarında tarazlığın təminatıdır. Burada ən önəmlisi dövlətin qiymətli kağızlarıdır. Bank qısa müddətli likvidlik ehtiyacını qarşılamaq üçün qiymətli kağızları verib Mərkəzi Bankdan pul ala bilər", —deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank bu qərarı analitik araşdırma nəticəsində verib: "Bu qərar böyük bir tədqiqatın nəticəsidir. Likvidlik nağd puldur. Likvidlik aktivlərin hər an pula çevrilməsidir. İstənilən maliyyə aktivinin hər an pula çevrilməsi əməliyyatıdır"-deyə o əlavə edib".