BAKI, 24 may — Sputnik. Taekvando üzrə milli yığmamız Avropa çempionatında uğurla çıxış edib. Taekvando Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan yığması komanda hesabında Serbiya ilə 6-cı yeri bölüşüb.
Millimiz yarışı bir dəst medalla başa vurub. İdmançımız Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş, Payam Qubadi Uqaz (87 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Radik İsayev və Fəridə Əzizova Avropa birinciliyində medal qazana bilməyiblər.
Azərbaycan millisinin baş məşqçisi Rza Mehmandost jurnalistlərə açıqlamasında bildirib ki, Avropa çempionatı çətin yarış olub: "Ümumilikdə, göstərdiyimiz nəticə yaxşı oldu. Məğlub olan gənc idmançılarımızın gələcək nəticələrinə daha çox ümid edirik. Bu, onlar üçün bir sınaq idi. Olimpiadada gənc taekvondoçuları bir daha sınayacağıq".