İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 24 may — Sputnik. Bir rəvayətə görə, Allah ölüm acısını əvvəlcə dağlara verib, görüb ki, dağlar bu acıya dayana bilmir, dağılır, yox olur. Sonra çaylara verib, çaylar ölüm acısında quruyur. Küləyə verir o yükü, küləklər səmtini itirir.
Axırda hamısı dilə gəlib deyir: "Allahım, nə olar, al bizdən bu acını, dayana bilmirik". Və Allah ölüm acısını onlardan alıb insana verir. İnsanoğlu nələrə qadirmiş. Dağları dağıdan, çayları qurudan, küləklərin səmtini dəyişə itirdən ölüm acısı insanı tükətmir. İnsan acının ilk halında qovrulur, yanır, məhv olacağını düşünür, amma sonda qəbul edir, alışır.
Həqiqətən də insan çox güclü varlıqdır. İtirə-itirə getsə də, həyat eşqi sönmür, alovlanır. Yaşayır, bütün sevdiklərini, yaxınlarını bir-bir itirir, amma ayaqda qalmağı bacarır.
"Yoldaşımı özüm evləndirdim"
Rəfiqə Əlizadənin körpəlikdən bəxti gətirmir. Danışır ki, 4 yaşı olanda anasını itirib. Uşaqlıqdan ana qayğısı görməyən Rəfiqənin atası yenidən evlənir: "Ögey ana əlində böyüdüm. Bunun nə demək olduğunu yəqin ki, başa düşərsiniz. Bir qanı ac, bir qarnı tox. Nə qədər mehribanlıq etməyə çalışa da, heç bir zaman ögey ana doğma ananın yerini vermir. Yıxılanda canı yanmır, xəstələnəndə ürəyi parçalanmır. Axı canı canından, qanı qanında deyil".
İllər keçir və Rəfiqənin 12 yaşı olanda atası da dünyasını dəyişir. Onun bu həyatda heç kimi yoxdur. Nə bacısı, nə qardaşı, nə qohum-əqrabası, nə övladı… Tək-tənhadır: "Əslində, qohum-əqrabam çoxdur, həddən artıq. Amma hamısı qəbirstanlıqdadır".
80 yaşı var Rəfiqə xalanın. Ailə həyatı qursa da, Allah ona övlad bəxş eləmir, həyat yoldaşından ayrılmaq istəməyən Rəfiqə xala, həyat yoldaşını özü evləndirir: "13 yaşım olanda analığım məni başından etmək üçün birinə verdi. Dedi, ailən olacaq. O vaxtlar hər şey sakitcə baş turudu. İndiki kimi restoran, şadlıq sarayları yox idi. Ailə qurdum. Yoldaşımın işi ilə əlaqədar köçdüm Astaraya".
"İllər keçir, amma mənim övladım olmurdu. O vaxtlar həkimlər də indiki kimi deyildi. Yoldaşımı sevirdim, itirmək istəmirdim. Ona təklif etdim ki, "gəl, səni evləndirim, oğulun-uşağın olsun. Sənə də baxarlar, mənə də. Çünki, ay qızım, həyatda bu kişidən başqa heç kimim yox idi. Yaxşı adam idi. İtirmək istəmirdim. Düşünürdüm ki, özü uşağa görə gedib başqası ilə evlənsə, mən tək qalaram. Ona görə evləndirdim onu", — danışıq Rəfiqə xala.
"Mən də onunla bərabər öldüm"
İllər keçir və Rəfiqə xalanın həyat yoldaşının ikinci ailədən 4 övladı dünyaya gəlir. Rəfiqə xala o uşaqlara öz balası kimi baxır, ikinci qadından yardımlarını əsirgəmir. Deyir ki, həmin uşaqları öz balası kimi istəyb. Amma…
O danışır ki: "Mənim davranışım, mənim fikrim başqa idi. Nə bilim. 28 il əvvəl həyat yoldaşım dünyasını dəyişdi. Nə qədər ki, o, həyatda idi, arxayın idim. Onunla mən özüm də öldüm. Dedilər, "yenidən ailə qur". Kənd yerlərində yaşlı da olsan, ailə qurmağa pis baxmırlar. Dedim, yox, qadının bir əri olar. O yoxdusa, mən də yoxam. Nəyə lazım gündə bir kişi dəyişmək?! Ailə qurmadım. Yoldaşım öləndən sonra kirayə çıxmağa məcbur qaldım. Onun uşaqları da böyümüşdü".
Ağır günlərin başlanğıcı
İllərlə kirayələrdə tək yaşayan Rəfiqə xala, nəhayət bir gün tənhalıqdan bezir. Üz tutur Bakıya. Burada "Qocalar Evi"ndə qalmağa başlayır: "Soruşurlar məndən ki, heç kimin yoxdur? Deyirəm, var — bir qəbiristanlıq. Sağ qalan heç kimim yoxdur. Yoldaşımın uşaqları da mənimlə maraqlanmırlar. Amma onları çox istəyirəm. İstəmərəm, başlarından bir tük əskik olsun. Yaşasınlar, ayaqüstə dursunlar, elə mənim bəsimdi".
Soruşuram ki, "Qocalar evi"ndə ailə quranlar çox olur, siz niyə ailə qurmursunuz? Gülüb deyir: "Ay bala, mənim o yaşım deyil. Həm də mənim həyatım yoldaşımla getdi. O, övladlarına lazım idi. O yaşamalıydı. Kaş onun yerinə mən öləydim".
Danışır və gözləri dolur, əlindəki dəsmalıyla gözlərinin yaşını silib, yenidən gülümsəməyə çalışır. Deyir ki, nə ömrü qalıbsa, burada yaşayacaq və yaxınlarına qovuşduğu gün daha xoşbəxt olacaq…
Bu da keçər…
Mən təşəkkürümü edib ayağa qalxıram, qəmli baxışlarla mənə baxır, başını aşağı salıb, yenə gözlərini silir. Özünü elə göstərir ki, guya yaşadıqları vecinə deyil, gülümsünür, qəhqəhə də çəkir. Amma bir kəlmə danışan kimi göz yaşları aramsız süzülməyə başlayır.
Bəzən düşünürəm ki, o rəvayətdə dağın, çayın, küləyin etiraz etdiyi kimi insan da ölümə etiraz etsəydi, nə olardı görəsən? Amma sonra düşünürəm ki, Allah heç kimə daşıya biləcəyindən artıq yük vermir.
Rəfiqə xala da güclü qadın olub, təkliyə-tənhalığa rəğmən ayaqda qalmağı bacarıb. Artıq 80 yaşı var. Nə analığı qalıb həyatda, nə həyat yoldaşı, nə də həyat yoldaşını evləndirdiyi qadın. Amma o, güclü olduğu üçün, həyata tutunub, dörd əllə sarılıb.
Nə olursa olsun, unutmayın ki, Allah kimsəyə çəkə biləcəyindən artıq yük vermir. Çalışın ki, həyatda hər şeyə "bu da keçəcək" deməyi bacarasınız.
Və bir də bizi izləməkdə davam edin. İzləyin ki, yeni həyatlar, həyat hekayələri və fərqli talelərlə tanış olasınız…