İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu özəlləşdirmə bir neçə sektoru əhatə edə bilər: "Rabitə müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutula bilər, eyni zamanda kommunal sektorun müəssisələri ola bilər. Bu sektorda istilik enerjisinin təminatı ilə bağlı su təchizatı və qaz təchizatı ilə bağlı xidmətləri həyata keçirən təşkilatlar var. Enerji sektoru ola bilər".
O, güman etmir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özəlləşdirməyə çıxarılsın: "Amma, mümkündür ki, enerji sektorunda yenidən müəyyən strukturlaşma siyasəti apararaq, oradan bəzi müəssisələri özəlləşdirməyə çıxarsınlar. Nəqliyyat sektorunu da nəzərə almalıyıq. Əsasən özəlləşdirilməmiş sektorlar bu sahədədir".
"Beynəlxalq Bankın da özəlləşdirilməsi mümkündür. Hal-hazırda Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi gedir və çox güman ki, gələcəkdə bu kontekstdə Beynəlxalq Bank da özəlləşdirilə bilər", — İbadoğlu vurğulayıb.
Digər iqtisadçı ekspert Nazim Bəydəmirli özəlləşdirmə ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinin məhdudlaşdırılmasını müsbət qiymətləndirir. O bildirir ki, Azərbaycanda özəlləşdirmə prosesi başlayandan bəri bu sahədə problemlər olub.
"Əsas özəlləşdirilən sahələrin fəaliyyətdə olması vacibdir. Liberal münasibətləri inkişaf etdirmək üçün hər hansı özəlləşdirmə proqramı qəbul edilərkən, keçmiş təcrübənin nəzərə alınması vacibdir", — deyə iqtisadçı bildirib.
Ekspert hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ləğv olunmalıdır: "Təcrübə də onu göstərir ki, keçmiş sovet və sosialist ölkələrinin heç birində əmlak komitəsi deyilən bir komitə yoxdur. Bunlar özəlləşdirmə departamentləri olaraq İqtisadiyyat Nazirliyinin tabeçiliyində olan qurumlar olur. Əmlak Komitəsinin balansında olan Dövlət Reyestr Xidməti isə Ədliyyə Nazirliyinin tabeliyində olmalıdır".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə, özəlləşdiriləcək müəssisələrin yeni siyahısında kifayət qədər böyük və əhəmiyyətli müəssisələr olduğunu qeyd edib: "Bu, ikinci dövlət proqramı olduğuna görə, birinci proqrama salınmayan müəssisələrin özəlləşdirilməsindən söhbət gedir. "Azərsu", "Azəriqaz", "Azərişiq" kimi müəssisələrin də özəlləşdirilməsi ilə bağlı təkliflər var".
"Amma, mən bildiyim qədər, bu məsələlərin adları həmin proqramda öz əksini tapmır. Yəni proqramda öz əksini tapan daha çox sosial-ictimai obyektlərdir. Konkret olaraq müəyyən informasiyalar olsa da, dəqiq olmadığına görə həmin müəssisələrin adlarını çəkmək istəmirəm. Amma, kifayət qədər böyük müəssisələrin olduğu isitsna edilmir", — R. Osmanlı əlavə edib.
Əmlak Məsələləri Dövlət Komitəsinin ləğvi barədə səslənən iddialara gəlincə isə, ekspert bu variantı düzgün hesab etmir. Onun fikrincə, qeydiyyat sistemində aparılan islahatlar baxımından bu gün Əmlak Komitəsinə ehtiyac var.
"Nəzərə almaq lazımdır ki, bu gün faktiki olaraq Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı istiqamətində çox ciddi və səmərəli fəaliyyət göstərir. Yəni bu baxımdan həmin fəaliyyətə kölgə salmaq düzgün olmazdı", — mütəxəssis söyləyib.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.