BAKI, 19 may — Sputnik. Böyüklərdən ibarət taekvando üzrə milli komandamız Avropa çempionatında iştirak etmək məqsədi ilə İsveçrəyə yollanıb. Taekvando Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, millimiz Avropa Teakvondo Birliyi tərəfindən 19-22 may 2016-cı il tarixlərində Montrö şəhərində təşkil edilən qitə çempionatına tam heyətlə qatılıb.
48 ölkədən 387 taekvondoçunun qatılacağı yarışda millimiz 17 idmançı ilə təmsil olunur. Belə ki, millinin heyətində Dünya, Avropa və I Avropa Oyunlarının qalibi, dünya kubokunun sahibləri, Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan Radik İsayev (87+ kq), habelə, Milad Beigi Hərçəqani (-80 kq), o cümlədən, Ayxan Tağızadə (-68 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi —63 kq), Səid Quliyev və Namaz Heydərov (hər ikisi —74 kq), eləcə də Məcid Sofiyev, İlham Əliyev (hər iksi —54 kq), Məmmədalı Quliyev (-58 kq), Ramin Əzizov (-80 kq) və Payam Qubadi Oğaz da(-87 kq) yer alıb.
Zərif cinsin nümayəndələrindən isə Rio Olmipiyadasında —67 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək Fəridə Əzizova, habelə Patimat Abakarova (-53 kq) eləcə də Gülhanım Yeşildal (-53 kq), İlayda Kardelen Çiftçi (-46 kq) və Yaprak Eriş (-62 kq) 4 gün davam edəcək yarışda, Avropa çempionu titulu uğrunda mübarizə aparacaq. İdmançılarımız çempionata baş məşqçi Reza Mehmandoust, Sun Mi Park, böyük məşqçilər Elnur Amanov, Səbuhi Züfüqarov və Hye Young Choi-nin rəhbərliyi ilə qatılıb.
Bu çempionatda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakim, Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edir. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz, 23 may tarıxındə vətənə dönəcək.