CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu evdə 271 şəhid yaşayır

Abunə olmaq
Öz evinin 3 otağını muzeyə çevirib - Qarabağ İgidləri Muzeyinə. Bir-bir şəhid ailələrini gəzib, onların şəxsi əşyalarını toplayıb. Şəhid olmağa yollanan hərbçilərin hər birindən yadigar saxlayıb.

İlham Mustafa, Sputnik Azərbaycan

Gəncə sakini Elnarə Tağıyeva öz evinin üç otağında, Azərbaycan milli qəhrəmanları, həmçinin Qarabağ uğurunda şəhid olan və igidlik göstərən insanların əşyalarını toplayaraq şəxsi təşəbbüsü ilə muzey yaradıb. Məhdud maddi imkanlarına baxmayaraq, nə qədər gücü var, Allah yolunda başladığı bu işi davam etdirmək niyyətindədir.

Elnarə xanım Gəncə şəhərində Sevil Qazıyeva küçəsində yaşayır. Onu tapmaq mənə o qədər də asan olmadı. Çünki şəhər icra hakimiyyətindən bizə ünvanı yalnız rəsmi məktub təqdim etdikdən sonra verə biləcəklərini dedilər. Onların izahatından belə başa düşdüm ki, daşıdığımız vəsiqə, yalnız iş yerimizin giriş qapısında göstərmək üçünmüş.

Şəhidin dəfn mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhid ailəsinə qarşı belə rəzalət görünməmişdi

Gəncə şəhər Mədəniyyət və Turizm idarəsindən isə muzey haqda ilk dəfə məndən eşitdikləri deyildi. Açığı sevindim. Sevindim ki, nə yaxşı, artıq 25 ildir yaradılan muzey haqda heç olmasa indi məlumatları oldu. Sağ olsun dostlar, Elnarə xanımın nömrəsini tapmağa yardımçı oldular. Yalnız bundan sonra mənə bu saf, təmənnasız insanla görüşmək qismət oldu. Doğrusu, o qədər tərif deyən və deməyi bacaran insan olmasam da, Elnarə xanım haqda bunu deməliyəm. Bu insan dünyada olan ən yaxşı sözlərə layiqdir.

Onlar şəhid oldular…

Qarşısında üçrəngli ay-ulduzlu bayrağımızın dalğalandığı darvazanın qarşısında məni Elnarə xanımın atası Tağı kişi qarşıladı. Evə keçib muzeylə ətraflı tanışlıqdan sonra söhbətə başladıq.

E. Tağıyeva 1989-cu ildən Müdafiə Nazirliyinin nəzdində Əşya Əmlak Xidmət Kombinatında işləyib. Cəbhə bölgəsindən gələn paltarlar, dəsmallar burda yuyulub, təmizlənib, yenidən cəbhəyə göndərilib.

Burda işləyən vaxt kombinata paltar gətirən hərbçilərin tez-tez dəyişdiyini görüb Elnarə xanım. Əvvəl gələnləri soruşanda isə adətən bir cavab alıb: "Xala, onlar şəhid oldular".

Şəhidlərin çox vaxt minaya düşərək tanınmaz hala düşdüklərini, yaxud tara düşərək heç tapılmadıqlarını eşidib gələn əsgərlərdən. Bu zaman onda əsgərlərin xatirələrini yaşadacaq müzeyi yaratmaq istəyi yaranıb. Evdəkilər də onun qərarını dəstəkləyib, yardımçı olublar. Gələn əsgərləri bir də görməmək qorxusu ilə, yadigar saxlamaq üçün bir şeylər istəyib.

İndiyədək 271 şəhid ailəsinə baş çəkib

"Deyirdim, inşallah müharibə qurtarar, gəlib oxuyarsız ki, mən nələr arzulamışam. Siqaretin üstünə ürək sözləri yazıb verirdilər. Eləsi olurdu, deyirdi, "ay xala, dostum şəhid olub, bir azdan mən də olacam, arzu daha qalmayıb". Qolunun saatını, darağını, alışqanını verirdilər. Üzərinə adlarını yazıb stola düzürdüm. Sonra milli qəhrəmanlara aid lövhələr alıb vurdum divarlara. Sonra köşklərdə hansı qəzetdə, jurnalda şəhid xəbəri çıxıbsa, toplamağa başladım. Beləliklə muzeyin əsasını qoydum", — deyir Elnarə xanım.

Atəşkəsdən sonra isə şəhid ailələrinə getməyə başlayıb Elnarə xanım. Şəhid ailələrini bir-bir gəzib, məlumat toplayıb. Kimlə görüşüb, kimdən məlumat alıbsa, hamısını qeyd edib dəftərlərə. Hər şəhidə aid bir qovluq düzəldib. İndiyədək 271 şəhid ailəsinə baş çəkib.

Azərbaycanın xəritəsini asıb divardan. Şəhid sorağına getdiyi rayonları, gəzdiyi kəndləri qeyd edib xəritənin üzərində. Gəncə, Bakı, Yevlax, Mingəçevir şəhərlərini addım-addım gəzdiyini deyir. Getməyi planlaşdırdığı yerlərin adlarını yazıb vurub bir kənardan. "Allah imkan versə, gedəcəm" deyir hamısına.

"Yeni şəhid olanların ailələrinə getməyə ürəyim gəlmir"

Qazanc mənbəyinə gəlincə: "Əvvəl işləyirdim. Məvacib alırdım, heç bir çətinliyim olmurdu. 2013-cü ildə ordu NATO sisteminə keçəndən sonra işimiz bağlandı. Ondan sonra dedim, "ay ata, indiyə kimi sizə bir ziyan vurmamışam. Bir çətinlik yaşatmamışam. İndi mən işimi yarımçıq saxlamaq istəmirəm. Mənə kömək elə başladığım işi davam etdirim". Ondan sonra hər ay atam pul ayırır öz təqaüdündən. Hesablayıram, bu pul ilə hara gedə bilərəm. Bakıyamı, Qazağamı, Naxçıvanamı. Beləcə hər ay bir rayona gedirəm".

Göydə Allah, yerdə ailəm, heç bir çətinliyim yoxdur deyir Elnarə xanım: "Hələ nə qədər gücüm var, gedəcəm. Yarıda saxlamaq fikrim yoxdur. Heç kimin də maddi köməklik etməsini istəmirəm. Allah xatirinə bu işi başlamışam, Allah xətrinə də sona çatdıraram".

E. Tağıyeva daha çox atəşkəsdən əvvəl şəhid olan həbrçilərin ailələrinə getdiyini bildirir. Təzələrə getməyə ürək eləmir. Şəhiddən qalan hər hansı əşyanı ailələri elə duyğu ilə verirlər, sanki dünən şəhid olub.

Bir əsgər papağı göstərir: "Təzə gətirmişəm, evin gəlinindən aldım. Gətirəndə ağlaya-ağlaya üzünə tutdu iylədi, sonra verdi. Hələ bu, 25-26 il bundan qabaq şəhid olan insanın əşyasıdır. Gör indi təzə şəhid ailələri nə çəkir. O səbəbdən gedə bilmirəm".

"Bu filankəsin əşyasıdır, yaşasaydı, necə olardı…"

Deyir, çox vaxt ondan, bu qədər rəhmətə getmiş insanın şəkilləri, xatirələri olan yerdə necə yaşaya bildiyini soruşurlar: "Onlara başa salıram ki, şəhidlər ölməyib, onlar sağdırlar. Allah "Qurani-Kərim"də buyurur ki, "Allah yolunda öldürülənlərə "ölü" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz. Onlar mənim yanımda, mənim nemətlərimdən qidalanırlar". Mən onları ölü görmürəm. Elə bilirəm, ordan canlı mənə baxırlar".

Yaşadıqlarının səbəbi onun üçün o qədər də önəmli deyil: "Bəlkə də dinə görədir, inancıma görədir, onu bilmirəm. Mən onların xatirələri ilə yaşayıram. Xəyallarını qururam. Anasının, bacısının danışdıqlarını xatırlayıram. Bu filankəsin əşyasıdır, indi sağ olsaydı, necə olardı. Anasının arzusu var idi, yaşasaydı, necə olardı. Bu fikirlərlə yaşayıram. Məni yaşadan odur".

"Getdiyim evlərin hamısından məlumatım var. Hansının nə problemi, nə çatışmazlığı var, bilirəm. Namazdan sonra o ailələrə dua edirəm. Allaha onların işini düzəltməsi, kömək olması üçün yalvarıram. Məni yaşadan budu", — danışır həmsöhbətimiz.

Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev - Sputnik Azərbaycan
Görənləri heyrətə salan ev - bura Azərbaycandır

Milli qəhrəmanın qəbuluna düşə bilmir

Elnarə xanım sağ olan milli qəhrəmanlara aid əşyalar toplayıb. O səbəbdən muzaeyin adını "Şəhidlər Muzeyi" qoymadığını deyir, Qarabağ İgidləri Muzeyi adlandırıb.

Ramil Səfərov həbsdə olan vaxt onun paqonlarının bir kursantda olduğunu eşidib. Gedib tapıb, gətirib muzeyə qoyub. Ramil Səfərov həbsdən çıxandan sonra görüşüb onunla. Türkiyədə oxuyan vaxt geyindiyi kursant formasını hədiyyə edib Ramil Səfərov.

Digər yaşayan milli qəhrəman Rövşən Əkbərovla da görüşmək istəyib. Üç dəfə qəbuluna gedib. Heç birində görüşə bilməyib: "Qəbula gələnlərin sayı həddindən çox idi. Hamını yazırlar, gəlişlərinin məqsədini öyrənirlər. Bayırda hansına ki özlərinin imkanı çatır, problemini həll edib yola salırlar. Mənə çatanda deyirəm, heç nə istəmirəm, pul lazım deyil, para lazım deyil, hər şeyimiz var, sadəcə görüşmək istəyirəm. Bir-birilərinə baxırlar, pıçıldaşırlar, amma cəsarətləri çatıb otağa girib deyə bilmirlər ki, "sizin qəbulunuza gələn var". Ona görə də hələ Rövşən Əkbərovla görüşmək qismət olmayıb Amma hələ də ümidimi kəsməmişəm".

Elnarə Tağıyevanın bir istəyi var bu dünyada — müharibənin sülh yolu ilə başa çatması. Allahdan arzusu odur ki, bir daha heç kəs gözü yaşlı qalmasın.

© Sputnik / Ilham MustafaElnarə xanımın şəhid sorağı ilə getdiyi bölgələrin xəritəsi.
Elnarə xanımın şəhid sorağı ilə getdiyi bölgələrin xəritəsi - Sputnik Azərbaycan
1/8
Elnarə xanımın şəhid sorağı ilə getdiyi bölgələrin xəritəsi.
© Sputnik / Ilham MustafaElnarə Tağıyeva.
Elnarə Tağıyeva - Sputnik Azərbaycan
2/8
Elnarə Tağıyeva.
© Sputnik / Ilham MustafaSiqaret üzərinə yazılan arzular.
Siqaret üzərinə yazılan arzular - Sputnik Azərbaycan
3/8
Siqaret üzərinə yazılan arzular.
© Sputnik / Ilham MustafaElnarə xanımın ən böyük dəstəkçisi – atası Tağı Tağıyev.
Elnarə xanımın ən böyük dəstəkçisi – atası Tağı Tağıyev - Sputnik Azərbaycan
4/8
Elnarə xanımın ən böyük dəstəkçisi – atası Tağı Tağıyev.
© Sputnik / Ilham MustafaPula yazılan məktublar.
Pula yazılan məktublar - Sputnik Azərbaycan
5/8
Pula yazılan məktublar.
© Sputnik / Ilham MustafaRamil Səfərovun muzeyə hədiyyə etdiyi kursant forması.
Ramil Səfərovun muzeyə hədiyyə etdiyi kursant forması - Sputnik Azərbaycan
6/8
Ramil Səfərovun muzeyə hədiyyə etdiyi kursant forması.
© Sputnik / Ilham MustafaElnarə xanım bölgələrə gedəndə qardaşı oğıu Tağı Tağıyev həmişə ona yaxından köməklik edir.
Elnarə xanım bölgələrə gedəndə qardaşı oğıu Tağı Tağıyev həmişə ona yaxından köməklik edir - Sputnik Azərbaycan
7/8
Elnarə xanım bölgələrə gedəndə qardaşı oğıu Tağı Tağıyev həmişə ona yaxından köməklik edir.
© Sputnik / Ilham MustafaŞəhid qovluqları.
Şəhid qovluqları - Sputnik Azərbaycan
8/8
Şəhid qovluqları.
Xəbər lenti
0