Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Post-neft dövrünün ilk nikbin proqnozu

Abunə olmaq
Prezident 2017-2018-ci illəri qeyri-neft sektorunun çox fəal inkişaf illəri kimi qiymətləndirir. Ekspertlərin fikrincə, dünya bazarında neftin qiymətinin aşağı olması Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün stimul ola bilər.

BAKI, 12 may — Sputnik. "Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının (MEDEF) nümayəndə heyəti ilə görüşündə deyib. O, bildirib ki, son illər ərzində, bir çox sosial məsələlərin həllinə nail olunub.

Самир Алиев - Sputnik Azərbaycan
Əsas yük qeyri-neft sektorunun üzərinə düşəcək

Dövlət başçısı, həmçinin deyib ki, 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq: "Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Dəfələrlə qeyd etdiyim kimi, biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur".

"Əlbəttə, zəngin enerji resurslarına malik olmayan inkişaf etmiş ölkələrin, o cümlədən Fransanın təcrübəsi yaxşı bir nümunədir. Əminəm ki, gələn illər ərzində Azərbaycanda neft və qazdan asılılıq o qədər də gözəçarpan olmayacaq", — deyə Azərbaycan Prezidenti qeyd edib.

Mövzunu Sputnik-ə şərh edən iqtisadçı ekspert Nicat Hacızadənin sözlərinə görə, qeyri-neft sektorunu inkişaf etdirmək üçün ciddi islahatlara ehtiyac var: "Ciddi islahatlar olarsa, 2017-2018- ci illərdə hər hansı nəticəyə gələ bilərik. Burada neft faktorunun azaldılması əsas rol oynayır. Çalışmalıyıq ki, 2016-cı ildə ölkədəki ÜMD-də qeyri-neft sektorunun payını çoxaldaq. Neft faktoruna aidiyyatı olmayan sahələr üzrə ölkə büdcəsinə vergilər gəlməlidir. Burada sahibkarlıq önəmli rol oynayır. Biz çalışmalıyıq ki, sahibkarlıq daha da inkişaf etsin. Nəzərə alaq ki, Azərbaycanda bu ilin yanvarından inhisarçılıq tamamilə ləğv olunub".

"Müəyyən praktiki amillərdə göstərir ki, hazırki dövrdə Azərbaycanda monopoliya yox dərəcəsindədir. Gömrük sistemində sahibkarlar üçün müəyyən güzəştlər tətbiq olunmalıdır. Bu güzəştlərin olmaması sahibkarlığın inkişafı üçün problemlər yaradacaq. Sahibkarlığa yardım fondu tərəfindən sahibkarlara dəstək göstərilməlidir. Bu fond şəffaflaşdırılmalıdır və bürokratik əngəllər aradan qaldırılmalıdır", — mütəxəssis vurğulayıb.

© Photo : APANicat Hacızadə, iqtisadçı ekspert
Post-neft dövrünün ilk nikbin proqnozu - Sputnik Azərbaycan
Nicat Hacızadə, iqtisadçı ekspert

Ekspert sözlərinə görə, hökümət tərəfindən sahibkarlığa maneə yaradan qurumlar radikal şəkildə cəzalandırılmalıdır. O hesab edir ki, qeyri-neft sektorunda aparılan islahatlarda da radikal addımlar atılmalıdır.

"Mülayim islahatların hər hansı bir nəticə verdiyinin şahidi olmuruq. Ona görə bu sahədə şəffaflaşdırma işləri aparılmalıdır. Sahibkarlığın yoxlanılması, ondan əlavə sahibkarlıqla dövlət arasında münasibətlər elektronlaşmalıdır. Yəni insan faktoru aradan götürülməlidir. Bu isə şəffaflaşmaya kifayət qədər təsir göstərəcək. Bütün bunlar olduğu şəraitdə ciddi bir irəliləyiş gözləyə bilərik", — N. Hacızadə qeyd edib.

© Facebook/Parviz HeydarovPərviz Heydərov - iqtisadçı-ekspert
Post-neft dövrünün ilk nikbin proqnozu - Sputnik Azərbaycan
Pərviz Heydərov - iqtisadçı-ekspert

İqtisadçı ekspert Pərviz Heydərov isə hesab edir ki, dünya bazarında neftin qiymətinin aşağı olması Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün stimul ola bilər. "Neftin qiymətinin aşağı olması, bəlkə də bizim üçün qeyri-neft sektorunun inkişafını sürətlə həyata keçirmək baxımdan daha da sərfəlidir. Azərbaycan höküməti qeyri-neft sektorunun inkişafı istiqamətində müvafiq radikal addımlar atmağa başlayıb. Buna misal olaraq investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında bu ilin yanvarında Prezident tərəfindən imzalanan fərmanı qeyd eləmək istərdim. Bu, çox böyük əhəmiyyət kəsb edən bir sənəddir. Bundan başqa cari ildə üçüncü özəlləşdirmə prossesinin başlayacağı da gözlənilir", — o, Sputnik-ə açıqlamasında deyib.

N. Hacəzadə dünyanın aparıcı beynəlxalq maliyyə institutları və reytinq agentliklərinin 2016-cı ildə Azərbaycan iqtisadiyyatının zəifləyəcəyi, 2017-ci ildə isə güclənəcəyi ilə bağlı proqnozlarına da münasibət bildirib. Azərbaycanda ÜMD üzrə qeyri-neft sektorunun payının artmaqda olduğunu deyən iqtisadçının sözlərinə görə, bu ilin birinci rübünə baxsaq, görərir ki, qeyri-neft sektoru üzrə artım müşahidə olunur.

"Düzdür, birinci rübdə biz ÜMD üzrə azalma gözləyirdik. Azalma olsa belə, neft amili ilə bağlı olacaq. Amma, biz qeyri-neft sektorunda artıma fikir verməliyik", — ekspert vurğulayıb.

Neft amilinin rolunun azalmasının Azərbaycandan asılı olmağını qeyd edən N. Hacızadənin fikrincə, qeyri-neft sektorunun inkişafı və məhsuldarlığın artım tempi bizdən asılı olan bir məsələdir: "Beynəlxalq iqtisadi təşkilatlar da belə qiymətləndirir ki, Azərbaycan qarşıya qoyulan islahatları həyata keçirərsə, bu, 2017-2018-ci illər üçün ÜMD-də öz ciddi müsbət effektini tapacaq".

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) proqnozlarına əsasən, 2017-ci ildə Azərbaycanda ÜDM istehsalı 1% artacaq.

Xəbər lenti
0