BAKI, 12 may — Sputnik. Gözəllik ondur, doqquzu dondur. Əbəs yerə belə deyilmir. Xanımlar daim gözəl və özəl görünmək üçün axtarışda olurlar. Xüsusilə dizayner və modelyerlərin zövqlərinə inanaraq onların hazırladıqları geyimləri seçərək geyinirlər.
Azərbaycanı dəfələrlə dünya podiumlarında geyim kolleksiyaları ilə təmsil dizayner Lalə Ağayevanın, müasir moda haqqında Sputnik ilə söhbətini təqdim edirik:
- Lalə xanım, müasir dizaynerlərin əksəriyyəti "avropalaşmaq" naminə milli atributlardan uzaq geyimlər yaradır. Siz isə əksinə, demək olar, hər kolleksiyanızda milliliyə üstünlük verirsiniz. Bunun kökündə nə dayanır?
— Mənim öz obrazım var. Kolleksiyamdakı bütün geyimləri hazırlayarkən birinci bu sualı özümə verirəm: "Hazırladığım bu geyimi özüm geyinə bilərəm?". Geyimi özüm rahatlıqla geyinə bildiyim halda, onu kolleksiyama əlavə edirəm. Mənim üçün açıq geyim hazırlamaq önəmli deyil, önəmlisi gözəl və sadə geyimin olmasıdır. Ümumiyyətlə, mən maksimum sadə geyimlər hazırlamağı sevirəm. Bir geyimdə çox rəng çalarlarından istfadə etmirəm. Çalışıram, hər kolleksiyamda milliliyimizi qoruyum. Buna misal olaraq "Nar", "Xarı bülbül" və bu yaxınlarda hazırladığım "Lalələr" kimi kolleksiyalarımı misal göstərə bilərəm. Məqsədim bu geyim kolleksiyaları ilə dünyaya Azərbaycan həqiqətlərini çatdırmaqdır. Məsələn, mən "Xarı bülbül" kolleksiyasını hazırlayanda mənə türk iş adamı kömək edirdi və o, öncə Xarı bülbül hansı güldür bilmirdi. Mən ona bu gül haqqında materiallar təqdim edəndə çox marağına səbəb oldu və mənə bu kolleksiyanın yaranmasında kömək etdi.
- Sizin geyimlərin unikallığı nədən ibarətdir?
— Mənim kolleksiyamdan geyim alan insan əmin olur ki, o geyimdən daha heç kimin əynində olmayacaq. Sifarişləri də eynilə belə edirəm. Yəni bir nəfər üçün tikdiyim paltarı təkrarlayıb, eynisini başqa müştəriyə tikmirəm.
- "Xari Bülbül" kolleksiyası ilə Moskvada Azərbaycanı təmsil edəcəksiniz. O təqdimatda bu geyimlərdən hansınınsa satılması mümkündür?
— Əlbəttə, mümkündür. Fərqi yoxdur, hansı ölkənin vətəndaşı bu geyimi alacaq. Məqsəd odur ki, xarici vətəndaşların qarderobunda Azərbaycan incəsənəti, tarixi asılsın. Satış zamanı da məhz bu çiçəyin, Azərbaycanın torpağı olan Şuşada bitdiyi haqda alıcılara informasiyalar verəcəyik. Oğurlanmaqdan da söhbət gedə bilməz. Çünki mənim hüquqlarım qorunur.
- Lalə Ağayevanın kolleksiyasında ən ucuz və ən bahalı geyimi hansı olub?
— Ən ucuz geyim 200 manatdan başlayır. Ən bahalı geyim haqqında isə danışmaq istəmirəm. Ümumiyyətlə geyimlər parça keyfiyyətinə, tikilişə, fərqliliyinə görə müxtəlif qiymətlərə başa gəlir. Ən çox əl işlərindən istifadə edirəm, parçaları əlimlə çəkib İstanbulda parçaya köçürüb Bakıya gətirirəm.
- Sizin geyim kolleksiyasına baxanda, eyni üslub müşahidə olunur. Niyə eyni üslubda hazırlanan oxşar geyimlər kolleksiyanızda yer alır?
— Çünki bütün kolleksiya üçün olan paltarları öz obrazıma görə tikirəm. O paltarda rahat ola bilərəmsə, onu tikib yayımlayıram. Sifariş olarsa, fərqli işləmək olar.
- Modelyer-dizaynerlərin əsas gəlir mənbələri nədir?
— Yalnız tikdiyimiz geyimlər. Şəxsən mən "Butik one" adlı butik ilə işləyirəm. Bu butikdə Azərbaycan dizaynerlərinin geyimləri satılır. Tikdiyim geyimlər məhz o mağazada satışa çıxarılır və satılır. Eyni zamanda fərdi sifarişlər də qəbul edirəm.
- Yaxın günlər üçün nə kimi kolleksiyalar üzərində işləyirsiniz?
— Hal-hazırda qara parça üzərində Xarı bülbüllər kolleksiyasını hazırlayırıq, özümə həsr etdiyim Lalələr kolleksiyasını hazırlayıram, eyni zamanda Qarabağ atlarından kolleksiya hazırlamaq planlarım var.