"Biz xərcləri 790 milyondan 3,4 milyard dollaradək artırdıq. Bunun nəticəsində, biz Avropada avadanlıqla təmin olunmuş bütöv bir bölməni təmin edə bilərik. Şərq qanadında isə dörd min əsgərdən ibarət hərbi briqada yerləşdiriləcək", — deyə Blinken bildirib.
NATO-nun müttəfiq hərbi qüvvələrinin yeni baş komandanı Kertis Skaparotti isə ittifaq üzvlərini "terrorçular və Rusiya tərəfindən təhlükələrə qarşı" daim hazır olmağa çağırıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bildirib ki, Moskva heç kəsə təhlükə törətmir, lakin öz maraqlarını qorumaq niyyətindədir. Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov da çağırışa cavab verib. O qeyd edib ki, "əvvəl anlamaq lazımdır, sonra isə bəyanatlar vermək".
"Siyasi bəyanatlar vermək NATO-nun hərbçilərinin işi deyil", — deyə Meşkov bildirib.
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Adalbi Şxaqoşev isə hesab edir ki, NATO Rusiyanın Suriyadakı hərbi gücünün ancaq terrorla mübarizə məqsədi daşıdığını və "soyuq müharibə" əlaməti olmadığını anlamalıdır. Onun sözlərinə görə, NATO Rusiyanı təhlükələr siyahısına daxil etməkdə davam edir.
"Bununla artıq heç nə etmək olmaz. Skaparottinin yeni bəyanatı Rusiya ilə əlaqələrin qurulması trendini davam etdirməyə imkan vermir. Baxmayaraq ki, NATO-nun rəhbərliyi Rusiyanı əsas təhdidlər siyahısına salmağa davam edir, biz şərəf sözü veririk ki, terrorçuları ittifaq qüvvələri ilə qarışdırmayacağıq", — Şxaqoşev bildirib.
Rusiya sərhədləri yaxınlığında NATO-nun gücləndirilməsi daim Moskvanın narahatlığına səbəb olur. Mayın əvvəlində Pentaqonun rəhbəri Eşton Karter bildirib ki, alyans Baltikyanı ölkələrdə və Polşada dörd batalyonun yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.
Buna cavab olaraq Rusiya müdafiə naziri Sergey Şoyqu üç yeni bölmələrin yaradılması planları haqda xəbər verib. Rus mətbuatında yer alan xəbərlərə görə, yeni bölmələr Rostov, Smolensk və Voronej şəhərlərində qurulacaq. Bu hərbi birliklərin hər biri isə 10 min əsgər tutumlu olacaq.
Rusiya tərəfi dəfələrlə qeyd edib ki, o, qarşıdurmanın kəskinləşməsində maraqlı deyil, lakin Qərbin hərəkətlərinə adekvat cavab verməyə hazırdır.