Təlimlər mayın 19-dək davam edəcək. NATO-nun Rusiya ilə sərhəddə təlimlər keçirməsi heç də birmənalı qarşılanmayıb. Bəzi ekspertlər hesab edirlər ki, bu, NATO və Rusiya arasında yeni qarşıdurmaya gətirib çıxara bilər.
NATO-nun baş katibi Yens Stoltenberq isə mətbuata açıqlamasında bəyan edib ki, hazırda Polşa və Baltikyanı ölkələrdə Alyansın gördüyü işlər əsla hərbi qüvvələrin sayının artırılması ilə bağlı deyil. "Biz Rusiya ilə münaqişə axtarmırıq, "soyuq müharibə" istəmirik", — deyə o qeyd edib.
Baş katib deyib ki, Rusiyanin hər hansı NATO-ya üzv ölkəyə hücüm etmək niyyətində olduğunu da müşahidə etmirlər: "Siyasi dialoq üçün aramızda diplomatik kanalların açıq olması olduqca vacibdir".
Bəs, görəsən Qərblə Rusiya arasında münasibətlərin gərginləşdiyi bir dövrdə NATO-nun Rusiya sərhədlərində təlim keçməsi NATO-Rusiya münasibətlərinə necə təsir edəcək? Politoloq Fikrət Sadıxoxun fikrincə, NATO və Rusiya arasında qarşıdurma davam edir və bu qarşıdurmada heç bir tərəf konkret bir nəticəyə gəlməyəcək.
"Mən düşünmürəm ki, NATO qoşunlarının Baltikyani ölklərdə yerləşməsi NATO-Rusiya münasibətlərinə müsbət nəsə vəd edir. Çünki Moskva artıq bəyan edib ki, o, cavab olaraq adekvat addımlar atacaq. Bu da təbii ki, son illər ərzində Rusiya və Qərb arasındakı gərginliyin və qarşıdurmanın göstəricisidir", — deyə təhlilçi Sputnik-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, burada müəyyən strateji maraqlar var: "Çünki Qərb Rusiyanın MDB məkanında atdığı addımlardan müəyyən mənada narahatlıq hissi keçirir. Baltikyanı respublikalar qərbyönlü ölklərdir. Digər tərəfdən bu, Rusiyanın şimal-qərb hissəsinin strateji mövqeləridir və əlbəttə ki, burada da bu qarşıdurma özünü açıq şəkildə əks etdirir".
Politoloq hesab edir ki, Rusiya bu təlimlərə adekvat olaraq cavab tədbirləri həyata keçirəcək. O həmçinin qeyd edib ki, NATO-Rusiya münasibətlərinin soyuq olması digər ölkələrin də maraqlarına zərbə vurur.
Politoloq İlqar Vəlizadə isə düşünür ki, bu təlimlər Ukrayna hadisələrindən sonra ümumi müdafiə sisteminin yaradılması ilə bağlı gedən prosseslərin tərkib hissəsidir: "Bəzi mənbələr bildirir ki, təlimlər Rusiya tərəfinin Baltikyanı ölkələrə qarşı edəcəyi hər hansı hərəkəti neytrallaşdırmaq üçün həyata keçirilir. Bu isə təkcə birbaşa müdaxilə ilə bağlı olan məsələ deyil. Bu təlimlər tək müdaxilə ilə bağlı ehtimallar üzərində qurulmayıb. Bu, eyni zamanda gözlənilən provakasiyaya da hesablanıb".
"Bütün hallarda bu təlimlər regionda vəziyyəti mürəkkəbləşdirəcək. Rusiya tərəfinin əks tədbirlər keçirməsinə səbəb olacaq. Bu da bütün Şərqi Avropada vəziyyətin gərgin olaraq qalmasından xəbər verir. Açıq desək, mövcud siyasi prosseslərə də mənfi təsir göstərir", — İ. Vəlizadə vurğulayıb.
NATO-Rusiya münasibətlərinin ölkəmizə təsirinə gəlincə isə, Fikrət Sadıxov, Azərbaycanın hazırkı vəziyyətdə özünü neytral apardığını deyib: "Düşünürəm ki, bu siyasət davam etdirilməlidir. Mən, eyni zamanda bu təlimlərin NATO və Rusiya arasında gələcəkdə baş tutacaq hər hansı dipolmatik danışıqlara təkan verə biləcəyini də istisna etmirəm. Hətta tarixdə də belə nümunələr olub. Güc nümayiş olunması hansısa dövlətə diplomatik nəticə əldə etməyə imkan verirdi".
"Ola bilsin ki, bu dəfə də hər iki tərəf hesab edir ki, güc nümayişi diplomatik danışıqalarda müəyyən mənada müsbət nəticələrə nail olmaq deməkdir. Elə bu səbəbdən də bu məsələlərlə məşğul olurlar ki, konkret nəyəsə nail ola bilsinlər", — təhlilçi qeyd edib.
Qeyd edək ki, aprelin 20-də Brüsseldə səfirlər səviyyəsində son iki ildə ilk dəfə olaraq Rusiya-NATO Şurasının iclası keçirilib.