BAKI, 6 may — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib. İclasda Ali Məhkəmə hakimlərinin təyin edilməsi, R.Ə.Ağayevin Şirvan apellyasiya məhkəməsinin hakimi təyin edilməsi məsələlərinə baxılacaq.
Bundan başqa, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" Protokolun, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.
"Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə də baxılacaq. "Sosial sığorta haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Gömrük tarifi haqqında" Qanunlarda, Cinayət, İnzibati Xətalar, Vergi və Miqrasiya Məcəllələrində dəyişikliklər müzakirə ediləcək.
İclasda həmçinin, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.