Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Böyük dəbilqə"dən Olimpiadaya gedən yol

© Photo : REPORT IABakıda təşkil olunacaq cüdo üzrə "Böyük dəbilqə" turniri ilə əlaqədar mətbuat konfransı
Bakıda təşkil olunacaq cüdo üzrə Böyük dəbilqə turniri ilə əlaqədar mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Daniel Laskao : "Bu, dünyanın ən əhəmiyyətli yarışlarındandır. Sabah start götürəcək yarışda Azərbaycan hər çəki dərəcəsində 4 idmançı ilə təmsil olunacaq. Bu da sizin komanda üçün böyük şansdır"

BAKI, 5 may — Sputnik. 6-8 may tarixlərində Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turniri keçiriləcək. Sputnik-in məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq beynəlxalq yarışla bağlı bu gün mətbuat konfransı keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (BCF) idman direktoru Daniel Laskao, BCF-nin Hakimlər Komitəsinin sədri Berd Axiles, Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Elmar Babanlı və milli komandamızın məşqçisi Mövlud Mirəliyev iştirak edib.

Rəşad Yaqubov (solda) tələbəsi ilə - Sputnik Azərbaycan
İDMAN
Bakıda qaydasız döyüş üzrə beynəlxalq turnir keçiriləcək

Daniel Laskao Bakıda olmaqdan məmnun olduğunu qeyd edib. İdman direktoru Bakıda keçirilən cüdo yarışlarını xatırlayıb və cüdoya göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, eyni zamanda keçiriləcək "Böyük dəbilqə" turniri haqqında da fikrini söyləyib.

"Bu yarışda bir çox olimpiya və dünya çempionları iştirak edəcəklər. "Böyük dəbilqə" dünyanın ən əhəmiyyətli yarışlarındandır. Sabah start götürəcək yarışda Azərbaycan hər çəki dərəcəsində 4 idmançı ilə təmsil olunacaq. Bu da sizin komanda üçün böyük şansdır", — direktor vurğulayıb.

D.Laskao, eyni zamanda Azərbaycanın yarışı yüksək səviyyədə təşkil etdiyini vurğulayıb: "Yarışın yüksək səviyyədə təşkili üçün bütün hazırlıq işləri görülüb. Azərbaycanın əziyyətini yüksək qiymətləndiririk. Gənclər və İdman Nazirliyi, ACF və sponsorlara minnətdarlığımı bildirirəm. Yarışda bizə bir çox könüllülər də yardımçı olurlar. Bu turnir Rio Olimpiadasına lisenziya xalları verəcək".

Berd Axiles isə keçiriləcək turnir haqqında bildirib ki, "Böyük dəbilqə" turnirini idarə edəcək hakimlərin çoxu Rio Olimpiadasında ədalət prinsiplərini qoruyacaq hakimlər olacaq. O, Azərbaycanın hər zaman beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etdiyini qeyd edib: "Azərbaycanda öncələr də beynəlxalq tədbirlərdə iştirak etmişəm. Ölkəniz hər zaman belə tədbirləri çox gözəl keçirib".

ACF-nin baş katibi Elmar Babanlı yarışın cüdocularımız üçün əhəmiyyətindən danışıb. Belə nüfuzlu turnirin Azərbaycanda təşkil olunmasına razılıq verdiyinə görə, BCF-yə minnətdarlığını bildirib. Baş katib bildirib ki, "Böyük dəbilqə" turnirinin daha 4 il Azərbaycanda keçirilməsi haqda BCF ilə danışıqlar aparılır.

Azərbaycan yığmasının məşqçisi Mövlud Mirəliyev komandamızın yarışa tam hazır olduğunu vurğulayıb: "Turnirə əsas heyətlə qatılacağıq. İki idmançımız — Nicat Şıxəlizadə (66 kq) ilə Elmar Qasımov (100 kq) zədəli olduğuna görə yarışda iştirak edə bilməyəcək. Komandanın vəziyyəti yaxşıdır. Evdə güləşdiyimizə görə üstünlük də bizdədir".

Məşqçi bu yaxınlarda millimizin Avropa çempionatında 1 qızıl, 1 gümüş və ilk dəfə komanda yarışında 1 bürünc medal qazandığnı söyləyib. Jurnalistlərin sualını cavablandıran Mövlud Mirəliyev komandamızdan 3-4 medal gözlədiklərini vurğulayıb. Qadın idmançılardan yalnız Aişə Qurbanlının medal qazanmasını gözlədiyini vurğulayıb.

Qeyd edək ki, yarışda 82 ölkədən 519 idmançı (329 kişi, 190 qadın) qalib adı uğrunda mübarizə aparacaq. Yarışlarda qalib gələn idmançılar Olimpiyadaya lisenziya qazanacaq.

Xəbər lenti
0