BAKI, 5 may — Sputnik. "Ərdoğanla çiyin-çiyinə olmaqdan həmişə qürur duydum. Onunla qardaşlığımız əbədiyyətə qədər davam edəcək. Bunun istismar edilməsinə heç zaman imkan verməyəcəyəm. Onun qüruru mənim qürurum, onun ailəsi mənim ailəmdir. Heç kim fitnə salmağa niyyət etməsin".
Bunu, tutduğu vəzifədən ayrılması ilə bağlı jurnalistlər qarşısında çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Baş nazir hər kəsdən haqqını halal etməsini xahiş edib.
"Partiya nümayəndələrinə səslənirəm. Bu günə qədər önünüzdə idim, bundan sonra içinizdə olacağam. Daha böyük bir həvəslə gənclərlə birlikdə bu partiyanın uğuru üçün çalışacağam", — Davudoğlu vurğulayıb.
İndi birlik vaxtı olduğunu deyən hökumət başçısı qeyd edib ki, AK Partinin hazırki heyəti daha böyük işlər görməyə qadirdir: "Sonda sizdən xahişim edirəm, haqlarınızı halal edin, mən sizə halal edirəm".
Əhməd Davudoğlu ürəyində heç kimə qarşı kin olmadığını, qərarı özünün öz istəyi ilə verdiyini də bildirib: "Seçicilərə verdiyim bütün sözlərimi tutdum. Millətim buna şahiddir. Bilin ki, ürəyimdə sevgidən başqa heç kimə bir kinim yoxdur".
"Hər kəs bilsin ki, vəzifədən getməyimə səbəb uğursuzluq və ya peşmanlıq deyil. Sadəcə olaraq, partiyam daxilinə fitnə girməməsi üçün bu qərarı verdim və bunu doğru hesab edirəm", — Davudoğlu əlavə edib.