Seçkinin gedişatı və nəticələri ilə bağlı suallarımızı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu cavablandırır.
- Türkiyədə keçirilən seçkilərin nəticəsini necə qiymətləndirirsiz? MHP-nin təxminən 40 deputat yeri itirməsinin səbəblərini nədə görürsüz?
— Nəticələr əslində bir qədər gözlənilməz oldu. Bizə rəy sorğularına əsaslanan proqnozlar verilirdi ki, AKP birinci çixacaq, amma bəlkə də onun səsləri hökumət qurmağa kifayət etmədi. Bütün bu proqnozlar alt-üst oldu. AKP lazım olandan artıq da səs yığa bildi və təkbaşına hökümət qurmaq üçün böyük imkan qazandı. İndi bundan sonra Əhməd Davudoğlunun dediyi kimi böyük ehtimalla konstitusiyanı dəyişdirməyə çalışacaqlar. Düzdür, AKP-nın bunu parlamentdə dəyişdirmək üçün kifayət qədər səsi yoxdur. Amma müəyyən quruplardan dəstək almaqla bunu referenduma da çıxara bilərlər. Çünki Ərdoğanın prezident səlahiyyətlərini artırmaq məqsədləri yenə də qalır. O ki qaldı müxalifət partiyalarının məğlubiyyətinə, əslində CHP iki əlavə millət vəkili yeri də qazanıb. Amma, CHP hər zaman artıq AKP-yə məğlub olan bir partiya vəziyyətinə gəlib çıxıb. Qələbə çalmaq imkanlarıda yoxdur. MHP-nin isə durumu lap ağırdır. Çünki, MHP 7 iyun seçkisinin nəticəsinə görə 81 millət vəkili yeri qazandı, o zaman imkan var idi AKP- ilə koalisiya formalaşdırsın bu fürsəti əldən verdi. İndi artıq səslərin çoxu AKP-yə getdi cəmi 41 millət vəkili yeri var. Düşünürəm ki, bundan sonra MHP-nin daxilində liderin dəyişməsi tələbləri gündəmə gəlsin.
- Bu seçkilər həmdə CHP-nin timsalında solçuların növbəti məğlubiyyəti ilə nəticələndi, CHP-nin səslərini artıra bilməməyini nə ilə əlaqələndir?
— CHP lideri Kamal Kılıçdaroğlunu zəif siyasətçi adlandırmaq olmaz. Vaxtilə İstanbulun bələdiyyə başqanı seçkilərində çox yaxşı nəticə göstərmişdi. İstanbulun hazırkı AKP-li meri üzərində qələbə çalmadı. Amma, aralarındakı fərq çox da böyük deyildi. Ondan sonra onun populyarlığı artdı və elə partiyada da Dəniz Baykalı əvəz etdi. Amma ard-arda Türkiyədə keçirilən bütün seçkilərdə partiyası məğlub olur. Həm də onu da nəzərə almaq lazımdır ki, Kamal Kılıçdaroğlu üçün bir az çətindir. Çünki, o iki nəfərə qarşı bir tərəfdə baş nazir Ə.Davudoğlu, digər tərəfdə prezident Ərdoğanla mübarizə aparır. Buna baxmayaraq həm də görünür irəli sürdüyü şüarların cazibəsi azdır ki, seciciləri özünə cəlb etmir. Həm də 7 iyundan sonra CHP AKP-ilə koalisiya qurmaq üçün şərtlər irəli sürdü və koalisiya alınmadı. Görünür seçicilər koalisiyanın alınmamasının günahını da CHP-də gördü və onu iqtidar etmədi. Ümumiyyətlə AKP çox güclü bir partiyaya çevrilib 13 ildir ard-arda qələbələr çalır və onu zəiflətmək çox ağırdır. Müxalifətdə bu müddət ərzində xeyli zəifləyib. Ona görə bu vəziyyətdən çıxmaq üçün CHP-nin ya yeni liderə ehtiyacı olacaq, ya da celbedici şüarlar irəli sürməlidir ki, növbəti seçkilərdə AKP-ilə başa-baş mübarizə apara bilsin.
-AKP bu seçkidə mütləq səs çoxluğu ilə qalib gəldi. Sizcə, qurulacaq yeni AKP hökümətinin siyasətində hansı dəyişikliklər ola bilər?
— AKP-nin siyasətində ciddi dəyişiklərin olacağını düşünmürəm. Xarici siyasət əvvəlki kimi davam edəcək. Xarici siyasətdə xeyli problemlər var. İsraillə münasibətlər korlanıb, Misirin ilk prezidenti ilə münasibət heç yoxdur, Suriyadakı durum göz qabağındadır, Rusiya ilə münasibətlərdə müəyyən suallar yaranıb. Daxildə də problemlər az deyil. İqtisadiyyatda enmə yaşanıb, lirə dəyərdən düşüb, infilyasiya artıb bu problemləri yaqin AKP həll etməlidir. Uğurlu səhifələrdə ola bilər, çünki böyük lahiyələr də var. İstanbulda üçüncü körpü hazırlanmalıdır, bir neçə ay sonra Bakı-Tiflis-Qars dəmir yolu xətti işə düşməlidir. TAP və TANAP lahiyələri də işə düşəcək ki, bunların Azərbaycanla da bağlığı var. Əsas problem isə terordur. Əgər əvvəllər Türkiyə ordusu, cəmiyyəti, höküməti 30-40 il ərzində ancaq PKK terorçularına qarşı savaşırdısa indi daha biri İŞİD teroru peyda olub. İŞİD də PKK qədər qorxulu bir təşkilatdır. Artıq Türkiyədə iki teror hadisəsi həyata keçirib. Buna qarşıda mübarizə aparmalıdır və ona görə də yeni hökümətin qarşısında çox ciddi vəzifələr durur. Dörd illik müddətləri var bu müddətdə bu problemlərin hamısını həll etməsələr də,Türkiyə qarşısındakı bu çağırışların bir hissəsini həll etmək məcburiyyətindədir.