Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dövlət özəl banklara dəstək verməlidirmi?

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bu sualı müxtəlif yöndən izah edirlər. Bəziləri dövlətin özəl sektora müdaxiləsini müsbət qarşılamasa da, digər qisim mütəxəssislər çıxılmaz durumda olan banklara dövlət dəstəyini müsbət hesab edirlər.

BAKI, 5 may — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"a müvəqqəti inzibatçı təyin edib. Bunu mətbuata açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Azərbaycan Mərkəzi Bankı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank nə etmək istəyir?

Onun sözlərinə görə, son vaxtlar bankın likvidlik və kapital mövqeyi zəifləyib, buna görə də bankda yoxlama aparılıb. R.Aslanlı qeyd edib ki, yoxlamanın nəticələrinə görə, səhmdarlar və idarəetmə qurumlarının vəziyyətdən çıxmaqdan ötrü yetərli imkanlara malik olmadığı bəlli olub.

Palata sədri deyib ki, hazırda banka dövlət dəstəyi ilə bağlı işlər aparılır: "Artıq banka pul köçürülüb. Eləcə də bankda fiziki və hüquqi şəxslərdən əmanət qəbulu iyunun 2-nə qədər dayandırılıb. Bu məhdudiyyət heç bir halda bankın əməkdaşlarının maaşlarının verilməsinə və müştərilərə ödənişlərə təsir etməyəcək. Artıq ayrılmış likvidlik dəstəyi hesabına əməkhaqqı ödənişləri başlanıb. Müvəqqəti inzibatçı banka nəzarət edir və faktiki olaraq idarəetməni üzərinə götürüb".

R.Aslanlı bildirib ki, bank müflis elan edilməyib: "Amma onun idarə edilməsini dövlət öz üzərinə götürüb. İlkin olaraq bankın vəziyyətini normallaşdırmaq məqsədilə 15 milyon manat ayrılıb".

"Bank Standard"a dövlətin zəruri dəstək verməsi heç də birmənalı qarşılanmayıb. Bəzi ekspertlər bunu dövlətin bank sektorunun inkişafına dəstəyi kimi qiymətləndirsə də, bununla razılaşmayanlar da var. Bəs, görəsən bankların zərərlə üzləşəcəyi və ya müflisləşmə riskləri olan zaman dövlət banklara kömək etməlidirmi?

İqtisadçı ekspert Nicat Hacızadə hesab edir ki, bankların bütün ümidlərini dövlətə bağlması düzgün deyil: "Dövlət nə vaxta qədər banklara dəstək göstərəcək? Bunu da nəzərə almaq lazımdır ki, dövlət başçısı tərəfindən banklara müəyyən xəbərdarlıqlar edilirdi, kredit faizlərinin aşağı salınması ilə bağlı göstərişlər verilirdi. Amma, demək olar ki, kommersiya bankları buna riayət etmirdi. Lakin, kommersiya bankları çətin vəziyyətdə olanda, vaxtında tövsiyələrinə əməl etmədikləri dövlət onlara aktivlərini gücləndirməkdə köməkçi olur".

"Mənə elə gəlir ki, dövlətin bütün kommersiya banklarının gücləndirilməsində iştirak etməsi lazım deyil. Çünki bu banklar özləri özlərini gücləndirməlidir. Aktivlərin sağlamlaşdırılması prossesində banklar özləri birbaşa fəaliyyət göstərməlidir", — mütəxəssis bildirib.

Manat - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Əmanətləri qaytara bilməyən banklara qarşı tədbir görülməlidir"

Onun fikrincə, dövlət əsasən vətəndaşlardan depozit şəklində öhdəlik götürən banklara yardım etsə, daha yaxşı olar: "Banklarda əsas problem onların xarici maliyyə inistutlarına müraciət edə bilməməsi ilə bağlıdır. Bankların reytinq səviyyəsi və ümumi səviyyəsi onlara xarici maliyyə inistutlarından kredit götürməyə imkan vermir".

N. Hacızadə düşünür ki, bankların yenidən dirçəlməsi yalnız bankın özündən asılıdır: "Yəni bu gün banklar bankrot halına gedirsə, bunu artıq qəbul etməlidirlər. Bizdə kommersiya banklarının sayı kifayət qədərdir. Azərbaycan kimi balaca bir ölkə üçün hazırkı bankların sayı qədər banka ehtiyac yoxdur. Banklar çalışmalıdır ki, dövlətdən bir qədər aralı dayansın. Hər dəfə dövlətin banklara dəstək göstərməsi yaxşı hal deyil. Bu, banklarda öyrəncəlik yaradır. Dövlət təşviqləndirici tövsiyyə verə bilər ki, vəziyyəti yaxşı olmayan banklar birləşsin".

Digər iqtisadçı ekspert Pərviz Heydərovun fikrincə isə, dövlət yalnız sistem əhəmiyyətli banklara dəstək verməlidir: "Sistem əhəmiyyətli bankların sayı təxminən 10-a yaxındır. Bu banklardan biri də rəsmi şəkildə etiraf edildiyi kimi, "Bank Standard" dır. Bu sahədə ilk problem "Beynəlxalq Bank" ətrafında yaranıb. "Beynəlxalq Bank" ilə əlaqədar problemin yaranması da, istər-istəməz domino effekti kimi digər banklarda da özünü büruzə verməli idi".

"Bunun ardınca "Bank Standard"ın və ya sabah başqa bir bankın adının ortaya çıxacağı, əslində gözləniləndir. Dövlətin hazırda "Bank Standard"a dəstək göstərməsi və onun vəziyyətini sağlamlaşdırmaq üçün atmaq istədiyi addımlar alqışlanmalıdır", — Heydərov qeyd edib.

Ekspert düşünür ki, dövlətdən aldığı krediti qaytarmaq üçün ilk növbədə bankın fəaliyyəti sağlam reyslər üzərinə düşməlidir. Onun sözlərinə Azərbaycanda banklar real sektorla işləyə bilmir: "Banklar biznes kreditləri vasitəsilə öz fəaliyyətlərini qura bilmir. Əvvəlki kimi də istehlak kreditləri verməklə gəlirliliyi istehlak kreditləri üzərində qurmaq artıq mümkün deyil. Bəs, onda dövlətin kömək göstərdiyi bank fəaliyyətini hansı əsaslarla quracaq? Hökümətin ölkədə sistem əhəmiyyətli banklara dəstək göstərməsi fonunda bankların bilavasitə iqtisadiyyatın real sektoru ilə işləyə bilməsinin təmin olunması əsas hədəf seçilməlidir".

P. Heydərov deyir ki, indiki məqamda bankları inzibati yollarla birləşməyə sövq etmək heç bir effektiv nəticə verə bilməz: "Bunu bazar müəyyən etməlidir".

Xəbər lenti
0