BAKI, 2 may — Sputnik. Kitablar kiminə görə ən yaxın dost, kiminə görə isə lazımsız kağız parçalarıdır. Əslində isə kitablar biliyin, təfəkkürün yeganə açarıdır. Elə ona görə də, kitab oxuyub, mütaliə etmək vərdiş olmalıdır, keçici həvəs yox.
Bəs bizim ölkəmizdə vəziyyət necədir? İnsanlar kitab oxuyurmu? Əgər oxuyursa, hansı janr ədəbiyyatı oxuyurlar? Yox əgər əksidirsə, onları kitablardan soyudan səbəb nədir?
Əslində bu suallara tam və dəqiq cavab tapmaq mümkün deyil, bəlkə də imkansızdır. Çünki insanlarla bir-bir söhbət edib, 9 milyonun zövqünü araşdırmağa zaman yetməz. Ancaq bu sahədə hökm sürən təxmini əhval-ruhiyyəni, kitab satışı səviyyəsini, daha çox hansı kitabların oxunduğunu araşdırmaq şansımız oldu. Belə ki, Sputnik-in əməkdaşı paytaxtın bir neçə kitabxanasına baş çəkərək mövzunu yerində araşdırıb.
Yəqin ki, "Ali və Nino" kitab evi çoxumuza tanışdır. "Tarqovı" kimi tanınan ərazidə, paytaxtın Zeynəlabdin Tağıyev küçəsində yerləşən bu kitab mağazasına kənardan baxanda insana elə gəlir ki, içərisi kitab həvəskarları ilə doludur. Çünki məkanın çöl görüntüsü adamda kitab oxumağa ciddi həvəs oyadır. Di gəl ki, nə zövqlə hazırlanmış reklam, nə də içərisində olan yüzlərlə yerli və xarici, nəfis ədəbiyyatlar insanların içəriyə keçməsinə kifayət etmir.
"Günah bu kitab evində yox, günlərini sosial şəbəkələrdə özünü reklam edən "kitab həvəskarları"ndadır", —deyir Ali və Nino" kitab evinin satış təmsilçisidir Leyla Süleymanova.
Xanımın sözlərinə görə, bu gün sosial şəbəkələrdə insanları kitab oxumağa çağıranların özləri gəlib bu məkanda kitablarla 1 dəqiqəlik şəkil çəkdirib gedirlər: "Nə vaxt baxırsan, elə ancaq status paylaşırlar ki, bəs gəlin, kitab alın, oxuyun, adam olun, filan. İnanın mənə, onu yazanların çoxunu tanıyıram. Heç özləri oxucu deyillər. Sadəcə olaraq reklamla məşğuldurlar. Gəlirlər, şəkil çəkdirirlər, axşam da "Facebook"da paylaşırlar ki, siz də kitab oxuyun".
Satış təmsilçisinin sözlərinə görə, "Ali və Nino" kitab evində daha çox rusdilli ədəbiyyat satılır: "Rus dilinə tərcümə edilən kitablar daha çox alıcı tapır. Əsasən xarici klassik ədəbiyyata üstünlük verirlər. Kitab alan əhalini 20-30 yaş arası kateqoriyaya aid etmək olar. Ümumilikdə isə satış çox zəifdir".
Onun sözlərinə görə, yerli ədəbiyyatdan ən çox satılan kitablar Elxan Elatlı və Çingiz Abdullayevin kitablarıdır.
"Ali və Nino" kitab evindəki mənzərə ilə tanış olduqdan sonra, nisbətən kiçik, amma əhalinin sıx olduğu digər bir məkana — Nizami küçəsində yerləşən "Passaj" kitab evinə yaxınlaşdıq. Məkanın administratoru İlkin İbişov bizi olduqca səmimi qarşıladı və məlumat toplamağa yardımçı oldu.
Onun sözlərinə görə, satışın səviyyəsi, 2 il öncəyə baxanda indi yaxşıdır. Söhbətdən aydın oldu ki, burada daha çox tərbiyəvi, ailə və sosial həyatdan bəhs edən kitabların satışına üstünlük verilir. Kim bilir, bəlkə elə buna görə İbişov satışdan məmnundur.
"Elə bir zaman gəlib ki, ailələr uşaqlarını ətrafdakı çirkabdan qorumağa çalışırlar. Bilirsiniz, şəhərdə addımbaşı bar, əxlaqsızlıq yuvaları var. Artıq cəmiyyət bu mənfiliklərlə iç-içə yaşayır. Tərbiyəni qorumaq olduqca çətinləşib. Yəqin ailələr bu cür hallardan qorunmaq üçün belə kitabları tez-tez alırlar", — deyə administrator əlavə etdi.
Söhbət əsnasında "Passaj" kitab evinə kitab gətirən "Bərəkət" nəşriyyatın əməkdaşı Həsən Kərimovla da tanış olduq. Onun sözlərinə görə, təmsil etdiyi nəşriyyat evinə ən çox sifariş edilən kitab, türkiyəli yazıçı Mələk Altunun "Dostluğun şərti" kitabıdır.
Kərimovdan bunun səbəbini soruşanda, o, belə cavab verdi: "Bəzən görürsən, uşaqların çoxu dostluqda zəif olurlar. Bu cür uşaqlara uyğun kitablar seçmək lazımdır. Bu yöndə ən məsləhətlisi elə Mələk Altun xanımın "Dostluğun şərti" kitabıdır".