BAKI, 2 may — Sputnik. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda 150 ölkədən 4 mindən artıq nümayəndə iştirak edib. Gənclərin inklüziv cəmiyyət, ekstremizmin qarşısının alınması, sülhün təmin olunması və terrorizmlə mübarizə, miqrasiya problemlərinin həlli, ekstremizm əleyhinə propaqandaların aktivləşdirilməsi, vətəndaş cəmiyyəti və biznes əlaqələrində iştirakı ilə bağlı müzakirələrdə Efiopiya nümayəndələri də iştirak ediblər.
Nümayəndə heyətinin başçısı, Efiopiyanın Türkiyə və Azərbaycandakı səfiri Alayev Qobiziye Vorknex Sputnik-ə verdiyi müsahibədə sözügedən forumun aktuallığından, Efiopiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərindən danışıb. Onun sözlərinə görə, Forum müxtəlif ölkələrin təmsilçiləri üçün dünyada sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparmaq, informasiya mübadiləsi etmək baxımından yaxşı imkan yaradır.
O, həmçinin qeyd edib ki, dünyada sabitliyin bərqərar olması, özəl sektor, hökumət və qeyri-hökumət təşkilatları arasında dialoqun qurulması ilə bağlı müzakirələr aparılmalıdır: "Bu, bizim üçün faydalıdır. Biz burada nə isə yeni şeylərlə tanış oluruq, yeni ideyalar eşidirik. Beləliklə, dünyanın ayrı-ayrı bölgələrində sülh və sabitliyə nail ola bilərik. Forum ayrı-ayrı dövlətlərin və təşkilatların baxışlarını və mövqeyinin öyrənmək imkanı verən çox vacib tədbirdir".
Azərbaycan-Efiopiya əlaqələrinə toxunan diplomat, ilk növbədə Addis-Ababada Azərbaycan səfirliyinin fəaliyyətinin əhəmiyyətini qeyd edib. Qobiziye qeyd edib ki, bu, siyasi əlaqələrin qurulması üçün çox vacibdir.
"Növbəti mərhələdə bizim ölkələrin qarşısında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi məsələsi dayanır. İki ölkənin biznesmenləri arasında əlaqələr yaratmaq, gələcəkdə qarşılıqlı səfərləri təşkil etmək, ticarət əlaqələrini inkişaf etdirmək lazımdır", deyən diplomat Azərbaycanın Efiopiyadakı səfirinin fəal rolunu da qeyd edib.
Sputnik həmsöhbətinin fikrincə, hər iki ölkənin istehsal, tikinti və ticarət sahəsində əməkdaşlıqla bağlı böyük potensialı var: "Efiopiya orqanik kənd təsərrüfatı məhsullarının istehsalı, yüngül sənaye, turizm, əczaçılıq sahəsinə investisiya qoymaq baxımından çox cəlbedicidir. Biz biznes-forumların keçirilməsində maraqlıyıq. Azərbaycan şirkətlərinin Efiopiyanın enerji sektoruna, xüsusilə də bərpa olunan enerji mənbələrinə investisiya qoyması üçün yaxşı imkanlar var".
O, həmçinin qeyd edib ki, bazarın gələcəyindən asılı olaraq Bakı ilə Addis-Ababa arasında birbaşa hava nəqliyyatı da açmaq mümkündür. Səfir əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Azərbaycanın xarici siyasət idarəsinin nümayəndələri ilə görüşəcəyini də deyib.
Qobezienin fikrincə, xarici, eləcə də azərbaycanlı investorların münaqişədən sonrakı sabitlik və quruculuq dövründə iştirakı ayrı-ayrı ölkələrdə korrupsiyanın səviyyəsinin azalmasına da təsir göstərə bilər. Ona görə də, cəmiyyətlər sabitlik və inkişaf üçün sülhün vacib olduğunu dərk etməlidirlər.
"Ölkəmiz istəyir ki, kasıblıqla bağlı situasiyanı dəyişsin. Amma bunun üçün sülh lazımdır. Son dövrlərdə ölkədə sülhün bərqərar olması nəticəsində iqtisadi inkişaf müşahidə olunur. Bu, öz növbəsində infrastrukturun, təhsilin inkişafına, korrupsiyanın səviyyəsinin aşağı düşməsinə təsir edib. Bu baxımdan mən ümid edirəm ki, Azərbaycan və Efiopiya möhkəm iqtisadi əlaqələr quracaqlar", — deyə səfir bəyan edib.
Ölkəsinin Türkiyə ilə əlaqələrinə də toxunan səfir, Türkiyə biznesinin Efiopiyadakı fəal rolunu yüksək qiymətləndirib: "Türkiyənin iş adamları Efiopiyada 300 layihəni həyata keçirirlər və bu ölkənin iqtisadiyyatına qoyulan türk sərmayəsi 2,5 milyard dollar təşkil edir. Bizim ölkələrimiz arasında çox yaxşı əlaqələr mövcuddur. Bizim regiona sülh və sabitlik olduqca lazımdır".