BAKI, 29 apr — Sputnik. Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov azərbaycanlı həkim-onkoloq Elxan Süleymanovu səhiyyə naziri postuna təyin edib. Sputnik-in məlumatına görə, bunu Ramzan Kadırov öz "İnstagram" səhifəsində yazıb.
"Salam-əleyküm. Bu gün mən yeni səhiyyə naziri təyin etmişəm. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etmişəm", —deyə Kadırov yazıb.
Onun yazdığına görə, E. Süleymanovu bir neçə il əvvəl Moskvadan Qroznıya gəlməyə və ağır vəziyyətdə olan onkodispanserə rəhbərlik etməyə razı salıb: "Eyni zamanda onu Çeçenistan Respublikası başçısının səhiyyə məsələləri üzrə məsləhətçisi təyin etmişdim. Elxan ən yaxşı diaqnostik avadanlıqları quraşdırmaqla, yüksək ixtisaslı mütəxəssisləri yığmaqla onkodispanserdə inqilab etməyi bacardı. Bu gün başqa regionlardan onkoloji xəstələr Çeçenistana müalicə olunmağa gəlirlər. Son zamanlar Elxan həm də nazirin birinci müavini idi. Mən onu təyin etmişəm ki, Səhiyyə Nazirliyində, Qroznının, rayon və yaşayış məntəqələrinin müalicə müəssisələrində köklü yenidənqurma işləri aparsın, bizim tibbimiz ölkənin ən yaxşılarından biri olsun. Bunun üçün kadr və struktur islahatlar tələb olunur".
"Baş nazirin birinci müavini İbrahim Zakriyevə də tapşırmışam ki, nazirlə daimi əlaqədə olsun və istənilən problemin həllində zəruri köməkliyi göstərsin. Özüm də səhiyyə ilə bağlı məsələləri şəxsi nəzarətimdə saxlayacağam", —deyə Çeçenistan başçısı yazıb.
Qeyd edək ki, Elxan Süleymanov Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Bir müddət Bakıdakı Onkoloji Tibbi Mərkəzdə işləyib. Moskva N.N. Bloxin adına Rusiya Onkoloji Mərkəzinin bazasında aspiranturanı bitirib. Tibb elmləri namizədidir. ABŞ və Almaniyada tibbi təcrübə keçib. Çeçenistan Respublikasınını əvvəlki səhiyyə naziri isə Musa Əhmədov idi.