Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 28 apr — Sputnik. Azərbaycanın turizm zonalarından biri olan Cənub zonası təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də öz turistik imkanları ilə tanınıb. Lənkəran iqtisadi rayonlarını — Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının ərazilərini əhatə edir. Bu rayonlar Cənub zonasının ümumi sahəsi 6.08 min kv.km olmaqla? ölkə ərazisinin 7%-ni tutur.
Relyef xüsusiyyətlərinə görə, bu rayon Lənkəran ovalığından və Talış dağlarından ibarət iki hissəyə ayırılır. Dünyada mövcud olan 13 iqlimdən 7-nə bu iqtisadi rayonun ərazisində rast gəlinir və rütubətli subtropik iqlimə malikdir.
İqtisadi rayonda Lənkəran, Atara və Masallının bir hissəsi Xəzər dənizi sahilində yerləşir. Lənkəran və Astarada çimərliklər var. Bütün Xəzər dənizi sahillərindən isə yalnız Lənkəran və Astara sahillərində qara qum var ki, bu da müalicəvi qumdur. Sputnik əməkdaşı ekoloq Afiq Məlikovla bu mövzu ətrafında həmsöhbət olub.
- Afiq müəllim, Xəzərin Lənkəran sahillərində mövcud olan qara qum turistik baxımdan nə dərəcədə əhəmmiyyətlidir?
— Lənkəran rayonunda çimərlik üçün yararlı olan sahil ərazisi 3500 metrdir. Bu ərazi relikt-müalicəvi əhəmiyyətli olan qara qum ehtiyyatlarına malik olduğundan, rekasiya və müalicə məqsədləri üçün mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, regionumuz turizmin inkişafı üçün əlverişli şəraitə malikdir və bunu nəzərə alsaq, çimərliklərdən səmərəli istifadə olunmasına əhəmiyyət verilməlidir. Son vaxtlar çimərlik ərazilərinə bərk tullantı məhsullarının atılması real təhlükə mənbəyinə çevrilməkdədir. Bundan əlavə çimərlik ərazilərindən çirkab sularının dənizə axıdılması müşahidə olunur.
- Zonamızda Masallı qismən, Lənkəran və Astara isə tamamilə Xəzər dənizi sahilində yerləşir. Bu rayonlarda çimərliklərin vəziyyəti necədir?
— Masallı siz dediyiniz kimi, qismən Xəzərin sahilindədir. Lakin Masallı rayonunda çimərliyə yararlı ərazi yoxdur. Xəzərin Masallı sahilləri yalnız qamışlıqla əhatə olunub. Astaraya gəlincə isə, rayonda çimərlik üçün yararlı olan sahil xətti 2000 metrdir. Bura da Lənkəranda olduğu kimi, relikt-müalicəvi qara qum ehtiyyatlarına malik olduğundan, reaksiya və müalicə məqsədləri üçün mühüm əhəmiyyət kəsb edir. Astara çimərliyinin cənub tərəfində bərk tullantıların atılması müşahidə olunur.
- Xəzər dənizinin kurort ehtiyatları barədə nə deyə bilərsiniz?
— Xəzər dənizi sahili zonasının təbii mühiti insan istirahəti baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və sair. Bura Qafqazın məşhur Qara dəniz sahillərindən daha üstün hesab olunur. Ona görə də hələ 1983-cü ildə Azərbaycan və Dağıstanın dəniz rayonlarında kurortların inkişaf etdirilməsi üçün SSRİ Nazirlər Kabineti "Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort bazasının yaradılması haqqında" qərar verdi. Azərbaycan sahil zonasının 680 km-i kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayıldı. Xəzərin Azərbaycana məxsus sahil zonasının böyük turizm imkanları var. Birincisi, turist bazası Bakıda hələ 1958, Yalamadakı "Xəzər turist bazası" isə 1963-cü ildə yaradılıb. Hal-hazırda da Xəzər dənizi sahilləri Azərbaycan vətəndaşlarının əsas istirahət zonalarıdır. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Xəzərin qızıl qum çimərlikləri, sahil zonasındakı mineral sular, palçıqlar və s. reusrlar sistemsiz və faydasız şəkildə istifadə olunur. Çalışdığım Lənkəran 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi mütəmadi olaraq Xəzərin Cənub sahillərində sakinlər tərəfindən atılan tullantıların təmizlənməsi ilə bağlı işlər görür. Sahil zonasının təmiz saxlanılması üçün də əhali ilə marifləndirici tədbirlər görülür.
P.S
Xəzər dənizinin ən mühüm xüsusiyyəti mütəmadi olaraq qalxıb enməsidir. Dənizdə su balansının mədaxilinin çox hissəsini dənizə tökülən çay axınları təşkil edir. Xəzərin səviyyəsi 1978-ci ildən başlayaraq, orda hesabla 15 sm sürətlə artıb və 1995-ci ildə ən yüksək səviyyəyə çatıb. Məhz o vaxt Xəzərin Lənkəran sahillərində bəzi çimərliklər su altında qalıb, hətta bəzi tikilliləri belə, dəniz suyu basıb.
Digər çimərliklərdə də qabaqlayıcı tədbir olaraq iri beton plitələr düzülüb və ya iri həcmli daşlar tökülüb. Buna görə də dəniz kənarına gələn sakinlər əvvəlki çimərliklərin hamısına deyil, müəyyən yerlərə gedirlər. Ən çox isə rayonun Sütəmurdov kəndi ərazisindəki çimərliyə gedirlər. Məlumat üçün bildirək ki, Lənkəran və Astara sahillərində olan qara qum bir çox xəstəliklərin, xüsusən də yerli əhalidə daha çox rast gəlinən revmatizmanın müalicəsində mühüm rol oynayır.
Qeyd edək ki, Lənkəranda fəaliyyət göstərən sahil kənarı istirahət mərkəzlərinin bəziləri ərazilərinə bitişik sahil çimərliklərini hasara alıb və nəinki sahildə, hətta dənizdə belə, tullantıları təmizləyib. Hasara alınan ərazilər təmiz olsa da, çox təəssüf ki, əhalinin istifadəsində olan digər çimərliklər məhz elə istirahətə gələn əhali tərəfindən amansızcasına zibillənir və zonada olan ən böyük çayın — Lənkərançayın sel vaxtı gətirdiyi zibillər də dəniz sahilinə çıxır.