BAKI, 25 apr — Sputnik. “Olimpiya hərəkatı” layihəsinin açılış mərasimi keçirilib. Sputnik xəbər verir ki, tədbirin əsas məqsədi məktəblilar arasında müxtəlif idman növləri arasında yarışlar keçirərək məktəblilərin idmana marağını artırmaqdır. Bu layihə məktəblilər arasında keçirilən ilk çoxnövlü olimpiya yarışıdır. Proqram Bakı şəhərinin 12 rayonunu əhatə edib. Bakı şəhərinin 350 orta məktəbindən 12-16 yaşlı 52 min şagirdi iştirak edib.
Tədbir zamanı məktəblilər “Bayraq-loqo” fleş-mobunu nümayiş etdiriblər. Göstərilən fleş–mobdan sonra layihədə iştirak edən idman komandalarının paradı keçirilib. 50-yə yaxın məktəbin finalçıları alqış sədaları altında səhnəyə daxil olub. “Olimpiya hərəkatı- Azərbaycan” qısametrajlı filminin nümayişi zala xüsusi coşğu gətirib. Layihənin təşkilatçılarının rəsmiləri alqışlarla çıxış üçün səhnəyə daxil olub.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Coca-Cola Azərbaycan şirkətinin baş direktoru Erdinc Guzel çıxış edərək idmana marağının güclü olmasından və idman ölkəsində belə layihələrin inkişafının vacibliyindən danışıblar. Sonra rəsmilər şagirdlərə finallarda uğur arzulayıblar.
Layihə təşkilatçılarının çıxışından sonra Avropa oyunlarında iştirak edib uğur qazanan idmançılar səhnəyə daxil olub.
Tədbirin əsas hissəsi bitəndən sonra şou proqram başlayıb. Müğənni Samira, İlhamə Qasımova, Zaur Əmiraslanov musiqilər ifa ediblər. Daha sonra gənclərin böyük marağına səbəb olan veloşou nümayiş etdirilib. Şou proqramdan sonra final görüşlərinə start verilib.
Xatırladaq ki, layihənin bağlanış mərasimi 28 aprel tarixində baş tutacaq.