BAKI, 25 apr — Sputnik. Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri başa çatıb.
Turnirin son günündə sərbəst güləşçilər mübarizə aparıb.
57 kq çəki dərəcəsində mübarizə aparan Mircəlal Həsənzadə ilk görüşündə Guamdan Ethan Tomapanı 57 saniyə ərzində tam üstünlüklə məğlub edib. Ardınca Moldovadan Aleksandru Chirtoaca üzərində üstünlük qazanan güləşçimiz yarımfinala vəsiqə qazanıb. Hindistan təmsilçisi Sandip Tomarla gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, xalların keyfiyyətinə və son xalı qazandığına görə Mircəlal Həsənzadə finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləş yığmalarımızın qazandığı 13-cü, sərbəst güləşçilərimizin isə 6-cı Olimpiya vəsiqəsi olub. Beləliklə, sərbəst güləş yığmamız Olimpiadada tam heyətlə iştirak edəcək.
Final görüşündə güləşçimiz Rumıniyadan İvan Guideaya uduzub və I Dünya təsnifat turnirinin gümüş medalına yiyələnib.
Xatırladaq ki, güləş yığmalarımız buna qədər Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.