Azərbaycan dünyaya mesaj verir

© Photo : AZƏRTAC Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu işə başladı
Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu işə başladı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu işə başladı.

Azərbaycan dünyaya mesaj verir
BAKI, 25 apr — Sputnik. Bu gün Bakı Konqres Mərkəzində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun açılış mərasimi keçirilib. “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında aprelin 27-dək davam edəcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılıb.

Millət vəkili Elman Nəsirov “Sputnik”ə açıqlamasında bildirib ki, forumun Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Onun sözlərinə görə, tədbirin Bakıda keçirilməsi sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır.

“Azərbaycan dünyada multikulturalizm diyarı kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycanda müxtəlif dinlərin, müxtəlif mədəniyyətlərin daşıyıcıları harmonik şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bu da BMT-nin diqqətindən yayınmayıb. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək kürsülərdən bəyan edib ki, Azərbaycanda multikulturalizm əsrlərlə formalaşmış bir adət-ənənədir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, ictimai sifarişdir, gələcəyimizin zəmanətçisidir. Buna görə də BMT forumun Azərbaycanda keçirilməsində maraqlıdır və bu, təşkilatın seçimidir” – deyə millət vəkili bildirib. 

Multikulturalizm ili, mətbuat konfransı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan multikulturalizminə dair silsilə kitablar dərc olunacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədlinin sözlərinə görə isə, aprelin 27-də multikulturalizm mövzusunda ayrı bir seksiya keçiriləcək:

“Bu BMT-in keçirdiyi tədbirdir, Azərbaycan sadəcə ev sahibliyi edir. Onun da üstün cəhəti var ki, Azərbaycanda belə miqyaslı beynəlxalq tədbirin keçirilməsi üçün şərait və imkanlar var. Bu çox önəmlidir. Biz alışmışıq ki, Bakı şəhərində belə beynəlxalq tədbirlər keçirilsin. Simpoziumun özəl cəhəti bir də ondan ibarətdir ki, bu il ayın 27-də Azərbaycan multikulturalizmi mövzusunda ayrıca bir seksiya olacaq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həmən seksiyanı həyata keçirəcək. Tədbirin xüsusi seksiya, panel formasında bu mövzuya həsr olunması da Azərbaycanın bu sahədə göstərdiyi nailiyyətdir”.

Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan paytaxtında keçirilməsi barədə qərar qəbul olunub. Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Xəbər lenti
0