BAKI, 22 yan — Sputnik. "2016-cı il Azərbaycanda mültikulturalizm ili elan olunub. Dünya ölkələri, Avropa universitetləri "Azərbaycan multikulturalizmi" anlayışını qəbul edib. Onlar öz tədris vəsaitlərinə Azərbaycan multikulturalizmi haqda məlumatlar daxil edirlər".
Sputnik xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla deyib. Onun sözlərinə görə, "Azərbaycan multikulturalizmi" anlayışına — ölkə haqqında, onun ədəbiyyatı, dili, psixologiyası, mənəviyyatı haqqında bütün bilgilər daxildir.
"Beləliklə yeni bir elm yaranır. Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, dilini, mənəviyyatını, tarixini, bu gününü, gələcək perspektivliyini özündə ehtiva edən intellektual, yaradıcı bir sahədir. Onun da inkişaf perspektivləri göz qabağındadır", deyən K. Abdulla əlavə edib ki, yaxın vaxtlarda "Azərbaycan multikulturalizminin qaynaqları" adlı seriya kitablar işıq üzü görəcək.
"Azərbaycan multikulturalizm dərsliyinin yazılması, Azərbaycan multikulturalizm fənninin hazırlanıb dünya üniversitetlərinə təqdim edilməsi ilə bağlı planlarımız var. 20-yə yaxın dünya universitetində və Azərbaycan universitetlərində bu fənnin tədrisinə başlanması ilə bağlı işlər aparılır", —deyə Dövlət müşaviri vurğulayıb.
Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etdiyini xatırladan K. Abdulla qeyd edib ki, bu istiqamətdə cari ildə görüləcək işlər tək dövlətin və ya hansısa universitetin öhtəliyinə düşən iş deyil: "Bu, hər bir vətəndaşın üzərinə düşən işdir".