Şahpəri ABBASOVA, Sputnik Azərbaycan
BAKI, 21 apr — Sputnik. Allahın olmadığını iddia edən cəmiyyətlərdə kütlələr yeni bir "Allah" axtarır, onu tapır, ya da yaradır, bütləşdirir və qarşısında itaət edirlər. SSRİ-nin qurucularından biri, sovet imperiyasının ən uzunmüddətli rəhbəri, İosif Cuğaşvili, yəni İosif Stalin də çoxmilyonlu ölkə əhalisinin qarşısında itaət etdiyi yer "Tanrı"sı idi.
İnsanı mühit yetişdirir deyirlər. Stalinin həyatına nəzər salsaq, onun nə üçün bu qədər "qəddar" olmasına cavab tapa bilərik. Rəsmi versiyaya görə, İosif Vissarionoviç Cuğaşvili 1879-cu ilin 21 dekabrında (bəzi sənədlərə görə isə 1878-ci ilin 18 dekabrında) Qoridə, çəkməçi ailəsində dünyaya gəlib. Sonralar qızı Svetlana xatirələrində qeyd edirdi ki, Cuğaşvili ailəsində ümumilikdə 8 uşaq dünyaya göz açıb. Lakin onlardan yalnız Stalin sağ qalıb.
Stalinin atası Vissarion içkiyə qurşanmışdı. Hər gün spirtli içki içən çəkməçi evə gəlib arvadını, bəzən də oğlunu döyürdü. Balaca Soso (uşaqlıqda onu "Soso" adı ilə çağırardılar) hərdən anasının müdafiəsinə qalxır, onun tərəfini saxlayırdı. O, hətta buna görə atasına bıçaq da atmışdı.
Sovet təbliğatı Stalinin ətrafında yarı-ilahi "böyük rəhbər" siması yaratmışdı. Stalin və onun ətrafının adları şəhərlərə, zavodlara, kolxozlara, hərbi texnikalara verilirdi. Onun adı Marks, Engels və Leninlə birlikdə çəkilirdi. Haqqında mahnılar bəstələnirdi və hətta adı SSRİ-nin 1944-cü il himninin mətninə də salınmışdı.
Şəxsiyyətə pərəstiş tənqid edildikdən sonra məşhur yazıçı Şoloxov Stalin şəxsiyyətinə pərəstiş haqqında belə demişdi: "Hə, həqiqətən də pərəstiş var idi… Amma şəxsiyyət də var idi!".
Şəxsiyyətə pərəstiş dövründə bütün Sovet ölkələrində olduğu kimi, Azərbaycanda da Stalinin heykəlləri yaradılmışdı. Sovet hökuməti dağıldıqdan sonra elə onların liderlərinin də heykəlləri dağıdıldı.
Lakin Qax rayonunun Əlibəyli kəndində və "Qax gürcü" məktəbinin həyətində Stalinin XX əsrin 50-ci illərində qoyulmuş heykəlləri bu günədək qorunub saxlanılıb. Əlibəyli kənd sakini, tarixçi Giqa Canaşivili Stalinin heykəlinin indiyədək qorunmasının səbəbləri haqda Sputnik-ə maraqlı açıqlamalar verib.
"Bəli, Stalin diktator, qaniçən olub. O, təkcə başqa millətləri yox, eləcə də öz millətini əsarətdə saxlamaq, öz əqidəsinə tabe etdirmək məqsədilə gürcü xalqının öndə gedən ziyalı təbəqəsini repressiyaya məruz qoyub. Amma bu tarixdir. Tarixi isə qorumalıyıq. Qorumalıyıq ki, bizdən sonra gələnlər bu heykəli görüb heç olmasa, onun haqqında maraqlansınlar", —deyə tarixçi bildirib.
G. Canaşivilinin sözlərinə görə, onsuz da müasir gənclərimizin oxumağa, tariximizi öyrənməyə həvəsləri yoxdur: "Ümumiyyətlə, hansı dövrdə yaşamağımızdan asılı olmayaraq, abidələrin, heykəllərin dağıdılasının əleyhinəyəm".
Onun fikrincə, Stalinin abidələrinin bu günə qədər saxlanmasının əsas səbəbi Azərbaycan azsaylı xalqlara olan hörmətdən irəli gəlir: "Azərbaycanda azsaylı xalqlara və etnik qruplara boyük hörmət qoyulur. Hamı bilir ki, gürcü xalqının Stalinlə bağlı həssaslığı var. Yerli gürcüləri mənəvi cəhətdən incitmək istəmədikləri üçün Stalinin heykəlləri qorunur. Bəlkə də, düşünürlər ki, əgər Stalinin heykəllərini yıxsalar, biz gürcülər bunu özümüzə qarşı səhv hərəkət kimi qiymətləndirəcəyik".
Gürcü tarixçi onu da qeyd edib ki, Stalinin heykəllərinin qorunmasının turistik baxımdan da əhəmiyyəti var: "Hər halda bizim kəndə gələn əcnəbilər Stalinin heykəlini gördükdə təəccüblənirlər. Azərbaycanın ucqar bir kəndində 20-ci əsrin ən böyük diktatorunun abidəsinin qorunması onlar üçün əsl sürpriz olur. Onlar həvəslə bu heykəlin qarşısında xatirə şəkli çəkdirirlər".
Qeyd edək ki, sözügedən kənddə Stalinlə yanaşı, gürcü publisist İlya Çavçavadzenin büstü, müxtəlif insan formalarının təsvir olunduğu barelyef və Böyük Vətən Müharibəsində iştirak edən əsgərlərin barelyefi də indiyədək qorunub saxlanılır.
Bax, belə. Bir zamanlar böyük bir ziyalı ordusunu məhv etmiş diktator bu kənddə hələ də "yaşayır". Buna tarixin ədalətsizliyi də demək olar…