BAKI, 25 apr — Sputnik. Bir yana baxanda, indi haqqında danışacağımız məsələdə hökumət o qədər də haqsız deyil. Yəni, sən hələ 65-ə çat, ondan sonra işində qalıb-qalmamaq, yüksək pensiya, kredit məsələlərinə baxarıq.
Bu gerçəyi qəbul etmək üçün də, google-da Dövlət Statistika Komitəsinin rəsmi açıqlamlarını axtarmağa ehtiyac yoxdur. Ölkənin istənilən qəbiristanlığında 1 saat dolaşmaq və məzar daşları üzərindəki tarixlərə diqqət yetirək yetərlidir. Son 10 ildə dünyasını dəyişənlərdən "65+"un "65-"a nisbəti 20 faizin altında deyilsə, hökumətin boğazından yapışmağa dəyər.
Dönək əvvələ. Ötən həftənin gurultulu hadisələrindən birinin altına Maliyyə Bazarlarına Nəzarət Palatası imza atdı — təqaüdçülərə kredit verilməsini qadağan etməklə (ya da özlərinin ifadəsi ilə desək, verilməməsini tövsiyyə etməklə). Qurum əsaslandırır ki, 65 yaşdan yuxarı vətəndaşlara verilən kreditlər böyük risk daşıyır və bu cür problemli kreditlər bank sektorunu çökdürür.
Əla! Ciddi-ciddi düşünülüb-daşınılmış bir addımdır. Ən azından, bank və maliyyə sektoru üçün. Yəni, zənginlər üçün. Və bəlkə də ölkə iqtisadiyyatı üçün.
Amma, bəs biz sosial yönümlü dövlət idik. Noldu? Sosial ayırmaların, məsrəflərin üstünlük təşkil etdiyi bir büdcəmiz vardı, axı. Hətta, heç yerdə olmadığını iddia etdiyimiz, ünvanlı sosial yardım-filan da veririk kasıb ailələrə…
Orta aylıq gəlirin 3 min avro olduğu Avropa ölkəsindən fərqimizin sosiallıq olduğunu deyirik. Bizdə xəstəxana pulsuz (?), təhsil ödənişsizdir (?) deyə, sosial-sosial qürrələnirik. "Zato" onlardan fərqli olaraq, biz metroda qalxıb qocalara yer veririk, hətta bununla bağlı stansiyalarda sosial çarxlar da nümayiş etdiririk. QHT-ləri də ayırdığımız 3-5 manatlıq qrant müqabilində bu sosial siyasətimizin təbliğatçısı olmağa vadar edirik.
Allah xətrinə, biri çıxıb izah edə bilərmi, sosial dövlət nədir? Ələbaxanlıqmı? Dilənçilik institutumu? Süfrənin artığını ona-buna peşkəş etməkmi? Yoxsa bir yığın tənbəllər ordusu yetişdirməkmi? "Sənə uzatdığım 5 qəpiyi də kəsərəm, acından ölərsən, Allahına şükür elə" iqtisadi sistemimi?
Maksimum həddin orta ömür həddinin altına düşdüyü bir ölkədə yaşayırıq, xəbərimiz varmı? İnsanlar pensiya yaşına çatmağın qeyri-mümkünlüyü barədə düşünürlər artıq. DSMF-ə ödənilməli olan "qocalıq azuqəsi"ni toplayıb, sağikən özünə qəbir yeri alanlar var.
Tamam, pensiyaçılara kredit verməyək, 65 yaşa çatmış müəllimi ailəsindəki işsizlər ordusunun daha bir fərdinə çevirək, pensiya islahatları adıyla, onlara ödədiyimiz qəpik-quruşun başına min bir oyun açaq. Bundan asan nə var ki?!
Bəs biz kimə, hansı cəhətimizlə örnək oluruq? Hansı nəsli yetişdiririk? Canı suluykən çalıb-çapan, qocalığında onu insan yerinə qoymayacaq cəmiyyətdən intiqam alan canavar sürüsümü? Dövlətə zərrəcə etimadı və sabahına zəmanəti olmayan bir gənclik nədən öz ölkəsi ilə fəxr etsin ki? Fəxr etmək bir yana, niyə gördüyündən götürdüyü aqressiyanı, fırıldaqçılığı öz gələcəyinə ötürməsin?
Ağır xəstəlikdir. Bu xəstəliyi, heç təcrübəsinin pik vaxtında, qolundan tutulub bayıra atılan həkim də müalicə edə bilməz.