Qeyd edək ki, hökmdə adı keçən şəxslər 2013-cü ildə, həmin vaxtkı baş nazir Rəcəb Tayyip Ərdoğanı devirməyə cəhddə təqsirli bilinmişdilər. Türkiyənin müasir tarixində ən böyük məhkəmə işi olan "Ergenekon", Ərdoğanın İslam təmayüllü Ədalət və İnkişaf Partiyasındakı (AKP) tərəfdarlarının ölkənin dünyəvi hərbi kəsimi üzərində qələbəsi hesab edilirdi.
Bəzi ekspertlərin fikirncə, "Ergenekon" işi Türkiyədə hərbi hakimiyyətin dayaqlarını zəiflətdi. Bəs, görəsən mülki hakimiyyətlə hərbi hakimiyyət arasında gedən üstünlük davasına səbəb nədir?
Sputnik-ə açıqlamasında politoloq Şahin Cəfərli bildirib ki, "Ergenekon" işi hüquqi məsələdən daha çox siyasi məsələ idi: "Hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası öz hakimiyyətini möhkəmləndirdikdən sonra ordunun siyasətə olan təsirini aradan qaldırmaq üçün fəaliyyətə başladı. Bilirsiniz ki, Türkiyə cəmiyyətində ənənəvi olaraq ordunun siyasətə ciddi təsiri var idi. Ordu generalları çox vaxt pərdə arxasından, bəzən isə açıq-aşkar siyasətə müdaxilə edirdilər".
"AKP də kiminsə öz iqtidarına şərik olmasını istəmirdi. Özünün qeyd-şərtsiz hakimiyyətini möhkəmləndirmək siyasəti yeridirdi. Bu çərçivədə Ərdoğan hakimiyyəti ordunun ölkə daxilində siyasi proseslərdəki rolunu məhdudlaşdırmaq və tamamilə qarşısını almaq siyasəti yeritdi", —politoloq vurğulayıb.
Ş. Cəfərli əlavə edib ki, "Ergenekon" və "Balyoz" tipli istintaq prosesləri də bu siyasətin tərkib hissəsidir: "Bu məsələdə maraqlı olan digər bir qrup da var idi. Bu qrup Türkiyə cəmiyyətində "nurçular" kimi tanınan qruplaşma idi. Onların da strategiyası var idi. Dövlət strukturlarına öz adamlarını yerləşdirmək və beləliklə Türkiyənin idarəçiliyində ciddi mövqelər əldə etmək istəyirdilər. Bu strategiyaya uyğun olaraq, nurçular təbii ki, ordu strukturlarına da öz adamlarını yerləşdirmək istəyirdilər. Bu səbəblə də ordu rəhbərliyindəki qatı atatürkçü generaliteti o mövqelərdən kənarlaşdırmaq üçün özlərinin polis və məhkəmə orqanlarındakı adamlarından istifadə edərək bu əməliyyatlara start verdilər".
Politoloqun fikirncə, bu işdə AKP və nurçuların marağı üst-üstə düşürdü. O, həmçinin qeyd edib ki, bu iki qrup arasında münasibətlərin kəskinləşməsindən sonra Türkiyədəki siyasi xarakterli cinayət işlərinə yenidən baxıldı və təbii ki, hökümət bütün günahı nurçuların üstünə atdı.
"Ergenokon" işinə xitma verilməsinin hazırkı prosseslərə təsirinə gəlincə isə, Şahin Cəfərli əlavə edib ki, hazırda hökümətlə ordu rəhbərliyi arasında çox yaxın münasibətlər var: "İstər Suriya məsələsi ilə əlaqədar, istərsə də PKK terroru ilə mübarizədə Türkiyə hakimiyyəti və ümumilikdə siyasi rəhbərliyinin orduya çox ciddi ehtiyacı yarandı. Bu proseslərin gedişində siyasi rəhbərliklə ordu rəhbərliyi arasında bir yaxınlşama baş verdi. Hazırda vəziyyət bundan ibarətdir və Türkiyə cəmiyyətində siyasi rəhbərliklə ordu rəhbərliyi arasında qarşılıqlı analayış hökm sürməkdədir".
Xatırladaq ki, Türkiyənin Silahlı Qüvvələrinin ölkənini siyasi həyatına təsirləri böyükdür və ötən əsrdə bir neçə dəfə dövlət çevrilişi həyata keçirə bilib.