BAKI, 22 apr — Sputnik. Bakı şəhər Halqası Əməliyyat Şirkətinin Azərbaycanda Formula 1 jurnalistikasının inkişafına dəstək məqsədi ilə keçirdiyi "Formula 1 Avropa Qran Prisi jurnalistkərin gözü ilə" adlı məqalə müsabiqəsinin nəticələri elan olunub. Bakı şəhər Əməliyyat Şirkətinin mərkəzi ofisində keçirilən mükafatlandırma mərasimində qaliblər qiymətli hədiyyələr və sertifikatlarla təltif olunublar.
Bakı şəhər Halqası Əməliyyat Şirkətinin təmsilçisi Nigar Arpadarai yarışmada iştirak edən jurnalistlərin hər bir yazısının maraqlı olduğunu söyləyib. Formula 1 üzrə idman şərhçisi və Formula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev müsabiqənin şəffaf keçməsindən və gözləntilərdən daha keyfiyyətli yazıların olduğunu söyləyib.
"Biz müsabiqəni açıq elan edəndə düşünürdük ki, birinci ildir, Formula 1 yarışları keçirilir, maraq az olacaq. Amma gözlədiyimizdən daha çox nəticə əldə etdik. Yazılar daha keyfiyyətli, dolğun və əhatəli idi və ən əsası oxunaqlı idi. İştirak edən bütün jurnalistlərə təşəkkür edirəm", — rəsmi elçi deyib.
Daha sonra qalib gələn jurnalistlər mükafatlandırılıb. Böyük rəqabət şəraitində keçən müsabiqədə birinci yerə "Formula 1 — Odlar ölkəsində, sürət zirvəsində!" adlı məqalə ilə Aysel Qənbərova sahib olub. İkinci yerə Sənan Abdullayev yazdığı "Real həyatın 1-ci formulası…" adlı məqaləsi ilə nail olub. "Bakı Şəhər Halqası: Döngələr və tribunalar" adlı məqalə isə Elçin Zodorova üçüncülüyü qazandırıb.
Yarışmada iştirak edən digər jurnalistlər də sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.