BAKI, 19 apr — Sputnik. Bakı Uşaq Teatrı yeni layihəyə başlayıb. Sputnik xəbər verir ki, teatr hər ayın bir gününü "Milli geyim günü" kimi qeyd edəcək.
"Canlı abidələr" adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün — xüsusilə əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abilələri ziyarət etməyi qərarlaşdırıblar. Layihənin məqsədi mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır.
Bakı Uşaq Teatrı layihə çərçivəsində ilk tədbiri 18 apreldə həyata keçirib. Bakı Uşaq Teatrının əsasən gənclərdən ibarət olan yaradıcı heyəti Dənizkənarı Bulvar və İçərişəhər ərazisində yürüş edərək, şəhər əhalisi ilə ünsiyyətdə olaraq milli geyimlərimizi nümayiş etdiriblər. Yürüşə ilk olaraq Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanından start verilib.
Teatrın direktoru bədii rəhbəri, rejissor İntiqam Soltan bu cür layihələ haqqında bunları bildirib: "Layihənin həyata keçirilməsi vacibdir. Milli geyimlərimiz də bizim milli sərvətimizdir və biz onları qoruyub gələcək nəsillərə təbliğ etməliyik".